NASA Artemis missiyası çərçivəsində Ayda daimi yaşam məkanı qurmaq planını sürətləndirib.
EDnews xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi Ay bazasının ilk mərhələsi üçün dörd ABŞ şirkəti ilə müqavilə bağlayıb. Sazişlər eniş aparatları, kəşfiyyat texnikası və pilotsuz uçuş aparatlarının hazırlanmasını əhatə edir.
Jeff Bezosun sahibi olduğu “Blue Origin” Ayın cənub qütbünə xüsusi kəşfiyyat vasitələri daşıyacaq eniş sistemlərini təmin edəcək. Bu texnikaların “Astrolab” və “Lunar Outpost” tərəfindən hazırlanacağı bildirilir.
“Firefly Aerospace” isə bölgəyə ilk pilotsuz uçuş aparatlarını çatdıracaq. “SpaceX” və “Blue Origin” tərəfindən hazırlanan eniş sistemlərinin Artemis III missiyası çərçivəsində sınaqdan keçirilməsi planlaşdırılır.
NASA 2028-ci ildə iki astronavtı Ay səthinə endirməyi hədəfləyir. Bundan əvvəl bütün əsas avadanlıqların Ayın cənub qütbünə çatdırılması nəzərdə tutulur.
Layihənin növbəti mərhələlərində enerji şəbəkəsi və uzunmüddətli yaşayış üçün infrastrukturun qurulması planlaşdırılır. 2030-cu illərdə astronavtların Ayda uzun müddət qala biləcəyi daimi yaşayış sahələrinin istifadəyə verilməsi gözlənilir.
NASA rəsmilərinin sözlərinə görə, Ay bazasının əsas məqsədi Ay iqtisadiyyatının formalaşdırılması, elmi araşdırmaların genişləndirilməsi və gələcək Mars missiyalarına hazırlıqdır.







