ABŞ-li milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” daşıyıcı raketi Florida ştatındakı Kanaveral burnunda sınaq zamanı partlayıb.
EDnews xəbər verir ki, bu barədə “NASASpaceFlight.com” saytının canlı yayımında yayımlanan görüntülərdən məlum olub. Hadisə Kanaveral burnundakı 36 nömrəli buraxılış kompleksində mühərrik sınağı zamanı baş verib.
Məlumata görə, partlayış yerli vaxtla cümə axşamı təxminən saat 21:00-da, Bakı vaxtı ilə isə cümə günü saat 05:00-da qeydə alınıb. Sınaq “New Glenn” raketinin qarşıdakı buraxılışına hazırlıq məqsədilə aparılıb.
“Blue Origin” şirkəti “X” sosial şəbəkəsində yaydığı açıqlamada sınaq zamanı anomaliya baş verdiyini təsdiqləyib. Şirkət bütün əməkdaşların təhlükəsiz yerdə olduğunu və hadisə nəticəsində xəsarət alanın olmadığını bildirib. ABŞ mediası da yerli rəsmilərə istinadən xəsarət faktının qeydə alınmadığını yazıb.
Ceff Bezos isə bildirib ki, qəzanın səbəbi ilə bağlı nəticə çıxarmaq hələ tezdir:
“Bütün əməkdaşlar təhlükəsizdir. Hadisənin əsas səbəbini bilmək üçün hələ tezdir. Çətin gündür, amma lazım olan hər şeyi bərpa edib yenidən uçuşlara qayıdacağıq”.
Partlayışın kifayət qədər güclü olduğu bildirilir. Kanaveral-Keyp və Koko-Biç sakinləri evlərində titrəmə hiss etdiklərini, səmada isə parlaq alov topu gördüklərini bildiriblər. Yerli hakimiyyət orqanları isə əhali üçün təhlükə olmadığını açıqlayıb.
Hadisə zamanı raketin göyərtəsində hər hansı aparat və ya faydalı yük olmayıb. “New Glenn”in növbəti missiyası çərçivəsində Amazon-un 48 internet peykinin orbitə çıxarılması planlaşdırılırdı.
“New Glenn” “Blue Origin” tərəfindən kommersiya, elmi və milli təhlükəsizlik missiyaları üçün hazırlanan ağır sinifli daşıyıcı raketdir. Şirkətin rəsmi məlumatına görə, raket Kanaveral burnundakı LC-36 kompleksindən buraxılır və bu meydança “Blue Origin” tərəfindən yenidən qurulub.







