"Farmaniya.com" adlı dələduzluq piramidasının idarəçisi kimi tanınan Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
EDnews xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ən ağır ittiham - Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə bəraət verilib.
Məhkəmənin qərarı ilə Hüseyn Quliyev təkrar dələduzluq və qanunsuz qumar oyunları təşkil etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki məhkəmə iclasında H.Quliyev üçün 10 il həbs cəzası istəmişdi.
İstintaq materiallarına əsasən, 19 yaşlı Hüseyn Quliyev vətəndaşlara yatırdıqları sərmayə müqabilində yüksək gəlir əldə edəcəklərini vəd edib. Bu yolla 18 mindən çox şəxsin platformada qeydiyyatdan keçməsinə nail olunub və nəticədə təxminən 400 min manat vəsait dələduzluq yolu ilə ələ keçirilib.
Hüseyn Quliyev ötən ilin qışında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.
Xatırladaq ki, Hüseyn Quliyev sosial şəbəkələrdə "Zevs" ləqəbi ilə tanınan Ruslan Quliyevin qardaşıdır.







