Bakıda Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı keçirilib.
EDnews xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov, müşavir Töhfə Cəmilova, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Pərvanə Vəliyeva, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, eləcə də Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov iştirak ediblər.
Tədbirdə çıxış edən Nəhmət Rəhmanov bildirib ki, ümumi sahəsi 38 270 kvadratmetr olan tibb müəssisəsi yenidən qurulub və 46 çarpayı ilə təchiz edilib. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbələri, həmçinin Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir.
Qeyd olunub ki, tibb müəssisəsində infeksion nəzarət tədbirləri, daxili separasiya və müasir ventilyasiya sistemləri tam şəkildə qurulub. Bundan əlavə, xəstəxana mərkəzləşdirilmiş oksigen təchizatı sistemi ilə təmin edilib.
Bildirilib ki, Ağciyərdənkənar vərəm şöbəsi ölkədə bu sahə üzrə yeganə ixtisaslaşmış bölmədir. Şöbə həm ambulator, həm də 20 çarpayılıq stasionar şəraitdə sinir sistemi, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəm xəstəliklərinin müalicəsini həyata keçirmək imkanına malikdir.
Xəstəxananın Cərrahiyyə şöbəsi ftizio, torakal və ümumi cərrahiyyə xidmətləri göstərmək üçün yaradılıb. Şöbə 20 çarpayılıq palatalardan və müasir tibbi avadanlıqlarla təchiz olunmuş cərrahi blokdan ibarətdir.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində isə bir zal və iki boks tipli olmaqla, ümumilikdə altı çarpayılıq reanimasiya otaqları, müşahidə sahələri və tibb personalı üçün xüsusi otaqlar yaradılıb.
Müəssisədə fəaliyyət göstərən Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılır. Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, anbar və digər yardımçı sahələr yaradılıb.
Qeyd edilib ki, Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası sağlam şəxslərdə vərəmə yoluxma riskinin azaldılması, ağciyər və ağciyərdənkənar vərəm xəstələrinin cərrahi müalicəsinin təşkili, eləcə də əhaliyə ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.











