Yaxın Şərqdə hərbi-siyasi gərginliyin azalması fonunda qlobal enerji bazarında diqqətçəkən dəyişiklik baş verir.
Hörmüz boğazından neft daşınmasının rekord həddə çatması neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Bəs bunun arxasında hansı iqtisadi amillər dayanır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov EDnews-a açıqlamasında bildirib ki, son günlər dünya enerji bazarında müşahidə olunan qiymət enişinin əsas səbəblərindən biri Hörmüz boğazında neft daşımalarının sürətlə bərpa olunmasıdır.
Ekspertin sözlərinə görə, son məlumatlara əsasən, Hörmüz boğazından bir gündə təxminən 19 milyon barel neft daşınıb ki, bu da son dövr üzrə ən yüksək göstəricilərdən biri hesab olunur.
“Ümumiyyətlə, Hörmüz boğazından gündəlik orta hesabla 16–20 milyon barel neft və neft məhsulları daşınır. Bu göstərici dünya üzrə gündəlik neft istehlakının təxminən 20 faizinə, dəniz yolu ilə həyata keçirilən neft ticarətinin isə 25 faizinə bərabərdir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hərbi-siyasi gərginlik dövründə boğazın fəaliyyətinin məhdudlaşacağı ilə bağlı narahatlıqlar bazarda neftin qiymətinin kəskin bahalaşmasına səbəb olmuşdu.
Lakin hazırda daşımaların normallaşması, bazarda sabitliyin bərpa olunacağı ilə bağlı gözləntilər və ABŞ–İran münasibətlərində yumşalma siqnalları investorların risk yanaşmasını dəyişib.
“Bir müddət əvvəl bazarda yüksək geosiyasi risk mükafatı formalaşmışdı. Hazırda isə treyderlər artıq neft qıtlığını deyil, əksinə əlavə təklif ehtimalını qiymətləndirirlər. Bu səbəbdən Brent markalı neft son ayların ən aşağı səviyyələrinə yaxınlaşır və bazarda eniş tendensiyası müşahidə olunur”, – ekspert bildirib.
Asif İbrahimov hesab edir ki, bu proses Azərbaycan üçün də diqqətlə izlənilməlidir.
“Azərbaycan kimi enerji gəlirlərindən asılı ölkələrdə neft qiymətlərinin uzunmüddətli azalması dövlət büdcəsinə, Dövlət Neft Fondunun daxilolmalarına və xarici ticarət balansına təsir göstərə bilər. Digər tərəfdən isə aşağı neft qiymətləri qlobal inflyasiya risklərini azaldaraq iqtisadi aktivliyin bərpasına müsbət təsir edir”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, əgər Hörmüz boğazında yüksək həcmdə daşınmalar davam edər və İran neftinin dünya bazarına çıxışı genişlənərsə, yaxın aylarda neft bazarında daha aşağı qiymətlərin müşahidə olunması istisna deyil.
Onun fikrincə, Azərbaycan bu dövrdə həm riskləri idarə etməli, həm də yaranan yeni iqtisadi imkanlardan maksimum istifadə etməyə çalışmalıdır.







