Qlobal maliyyə bazarlarında ABŞ dollarının mövqeyi daha da güclənib.
EDnews xəbər verir ki, SWIFT məlumatlarına görə, 2026-cı ilin mart ayında ABŞ dollarının qlobal hesablaşmalardakı payı 49,2%-dən 51,1%-ə yüksələrək rekord həddə çatıb.
Reytinqdə ikinci yerdə təxminən 21% payla avro qərarlaşıb. Sonrakı pillələrdə isə Britaniya funtu, Yapon yeni və Çin yuanı yer alır.
Mütəxəssislər dolların möhkəmlənməsini onun “təhlükəsiz liman” valyutası statusu ilə izah edirlər. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda investorlar riskli aktivlərdən çıxaraq dollara üstünlük veriblər.
Eyni zamanda, Çin özünün CIPS ödəniş sistemini inkişaf etdirsə də, onun qlobal təsiri hələ məhduddur. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı 3,1%-ə yüksəlsə də, bu göstərici hələ də aşağı səviyyədə qalır.
İqtisadçı Natiq Cəfərli bildirib ki, yaxın 5-10 ildə dolların hegemonluğuna ciddi təhlükə görünmür. Onun sözlərinə görə, keçmişdə avronun yaradılması kimi cəhdlər olsa da, dollar hələ də dominant mövqeyini qoruyur.
Ekspertlər hesab edir ki, hazırda qlobal maliyyə sistemində daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.







