Mənzil bazarında qiymət artımı davam edir və bu vəziyyət vətəndaşların ev sahibi olmasını getdikcə çətinləşdirir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev EDnews-a açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində mənzil sahibi olmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.
Onun sözlərinə görə, zaman keçdikcə daşınmaz əmlakın qiyməti artır və bu tendensiya qlobal xarakter daşıyır.
“Bu gün dünyanın demək olar ki, bütün ölkələrində ev sahibi olmaq asan deyil. Vaxt keçdikcə mənzillərin qiyməti yüksəlir və insanların ev almaq imkanları azalır”, – deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanda insanların əksəriyyəti mütləq şəkildə ev sahibi olmağa çalışır və bu, cəmiyyətimizdə formalaşmış düşüncə tərzidir.
“İnsanlar illərlə çalışır, qazandıqları vəsaiti yığaraq mənzil almağa üstünlük verirlər. Azərbaycanda ev sahibi olmaq insanların əsas məqsədlərindən biridir”, – deyə o vurğulayıb.
Elnur Fərzəliyev bildirib ki, bir sıra Avropa ölkələrində və Türkiyədə insanların böyük hissəsi kirayədə yaşamağa üstünlük verir. Bu, yalnız maddi imkanlarla deyil, həm də həyat tərzi ilə bağlıdır.
“İnsanlar işlədikləri yerə yaxın ərazidə kirayədə qalırlar və iş yerləri dəyişdikdə yaşayış yerlərini də rahatlıqla dəyişə bilirlər. Azərbaycanda isə kirayə bazarında qiymətlərin yüksək olması bu seçimi çətinləşdirir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, kirayə mənzillərin qiyməti əhalinin gəlirlərinə uyğun deyil və bu səbəbdən vətəndaşlar kirayədən xilas olmaq üçün mənzil almağa çalışırlar.
Ekspert bildirib ki, Bakıda yeni tikililərdə mənzillərin bir kvadratmetrinin qiyməti yerləşdiyi ərazidən asılı olaraq orta hesabla 1200-1800 manat arasında dəyişir.
Elnur Fərzəliyev qiymət artımının əsas səbəblərindən biri kimi tikinti üçün torpaq sahələrinin məhdudluğunu göstərib.
“Şirkətlər yeni bina tikmək üçün köhnə yaşayış binalarını sökür, sakinləri mənzillə təmin edir, kompensasiyalar ödəyir və əlavə tikinti xərcləri çəkirlər. Bütün bunlar mənzillərin satış qiymətinə təsir göstərir”, – deyə o bildirib.
Ekspert hesab edir ki, qiymətlərin qısa müddətdə aşağı düşməsi real görünmür. Bununla belə, dövlət tərəfindən sosial və güzəştli mənzil layihələrinin genişləndirilməsi bazarda müəyyən balans yarada bilər.
Onun sözlərinə görə, yeni yaşayış massivləri üçün torpaq sahələri ayrılarsa və güzəştli ipoteka proqramlarının əhatə dairəsi genişləndirilərsə, bu, gələcəkdə mənzil bazarında qiymətlərin sabitləşməsinə müsbət təsir göstərə bilər.







