Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub.
EDnews xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.
Bildirilib ki, iyun ayında Yer səthində orta temperatur 16,54 dərəcə selsiyə çatıb. Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən 0,56 dərəcə, sənayeöncəsi dövrlə müqayisədə isə 1,39 dərəcə yüksək olub.
Beləliklə, 2026-cı ilin iyun ayı qlobal miqyasda indiyədək qeydə alınmış ikinci ən isti iyun ayı kimi tarixə düşüb. Ən isti iyun isə 2024-cü ildə qeydə alınıb.
Məlumata görə, iyun ayında dünya okeanlarının səth temperaturu da rekord həddə yüksələrək, orta hesabla 20,86 dərəcə selsi təşkil edib.
Avropada da rekord istilər müşahidə olunub. Qitədə orta temperatur 19,14 dərəcə selsi olub ki, bu da 1991-2020-ci illərin iyun ayları üzrə normadan 1,78 dərəcə yüksəkdir. Bu göstərici 2026-cı ilin iyununu Avropa tarixinin ikinci ən isti iyun ayına çevirib.
Ən ciddi istilər isə Qərbi Avropada qeydə alınıb. Regionda orta temperatur 20,74 dərəcə selsiyə çatıb və bu, əvvəlki illərin orta göstəricisindən 3,05 dərəcə yüksək olub. Bununla da 2025-ci ilin iyun ayında qeydə alınan temperatur rekordu yenilənib.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin iqlim strategiyası üzrə rəhbəri Samanta Börgess bildirib ki, son göstəricilər qlobal iqlim sistemində dərin dəyişikliklərin davam etdiyini göstərir.
Onun sözlərinə görə, Qərbi Avropada rekord səviyyədə isti iyun ayının yaşanması və okeanların istiləşməsinin davam etməsi iqlim sisteminin daha çox istilik topladığını təsdiqləyir: “Bu proses dünyanın müxtəlif bölgələrində, xüsusilə də Avropada daha şiddətli istilik dalğalarının, uzunmüddətli isti hava şəraitinin və insanlar, ekosistemlər, eləcə də, infrastruktur üçün artan risklərin yaranmasına səbəb olur”.







