ABŞ Prezidenti Donald Trampın Türkiyədə keçirilən NATO sammitində İrana qarşı hərbi əməliyyata göstəriş verməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Bəzi ekspertlər bunun NATO-ya siyasi mesaj olduğunu iddia etsələr də, siyasi şərhçi Azər Həsrət bu yanaşmanı düzgün hesab etmir.
EDnews-a açıqlamasında Azər Həsrət bildirib ki, Trampın qərarını NATO sammiti ilə əlaqələndirmək doğru yanaşma deyil.
Onun sözlərinə görə, ABŞ prezidenti İrana qarşı addımı əvvəlcədən planlaşdırılmış siyasi və hərbi zərurət çərçivəsində atıb:
“Mən Donald Trampın heç vaxt səbəbsiz şəkildə hərbi əməliyyata başladığı qənaətində deyiləm. ABŞ uzun müddətdir İranı danışıqlar masasına gətirməyə çalışırdı. Vaşinqton diplomatik imkanlar yaratdı, lakin Tehran bundan nəticə çıxarmadı və yenə də sərt ritorikanı davam etdirdi. Belə vəziyyətdə ABŞ rəhbərliyi öz mövqeyini güc yolu ilə nümayiş etdirmək qərarı verdi".
Azər Həsrət hesab edir ki, Trampın əsas məqsədi İranla müharibəni uzatmaq deyil, regionda yeni siyasi reallıq formalaşdırmaqdır.
“Tramp üçün dünyəvi və normal münasibətlər qura bilən İran daha məqbuldur. O, bu istiqamətdə nəticə əldə edərsə, bunu siyasi uğur kimi təqdim etmək istəyəcək. Lakin İran daxilində radikal dairələr bu yanaşmanı qəbul etmir və ABŞ əleyhinə ritorikanı davam etdirirlər".
Siyasi şərhçi bildirib ki, NATO sammitinin keçirildiyi günün seçilməsi təsadüf kimi qiymətləndirilməlidir.
“İranın vurulmasının NATO zirvəsi ilə birbaşa əlaqəsi yoxdur. Bu, sadəcə zaman baxımından üst-üstə düşən hadisədir. ABŞ həmin əməliyyatı NATO-nun adından deyil, öz qərarı əsasında həyata keçirib".
Azər Həsrət həmçinin qeyd edib ki, bəzi xarici media orqanlarının hadisəni “NATO sammitində İrana zərbə” kimi təqdim etməsi daha çox informasiya müharibəsinin tərkib hissəsidir.
“Belə başlıqlar müəyyən siyasi təsir yaratmağa hesablanıb. ABŞ-nin İran siyasəti NATO-nun kollektiv qərarı deyil. Vaşinqton bu məsələdə müstəqil hərəkət edir və prosesi alyansın toplantısı ilə əlaqələndirmək doğru deyil".
Onun fikrincə, İranın son davranışları ABŞ tərəfindən sərt cavab addımlarını qaçılmaz edib və Vaşinqton bunu öz təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.







