Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.
EDnews xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə Görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi, həmçinin bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.
Söhbət zamanı, eyni zamanda, Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.
Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığı vurğulanıb. Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin informasiya və media sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Hikmət Hacıyev sosial media platformaları ilə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, birgə informasiya kontentlərinin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizənin təşkilinin vacibliyini bildirib. Eləcə də Qazaxıstanda Azərbaycan televiziya kanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb.
Kanat İskakov və Nurlan Bertısov IV Şuşa Qlobal Media Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində media nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirərək, dövlətimizin başçısının çoxsaylı sualları ətraflı və açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər.
Eyni zamanda Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Tərəflər informasiya və media sahələrində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hər iki ölkədə media forumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının forumlarının keçirilməsi qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verir. Həmçinin Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları üçün birgə qrant layihələrinin həyata keçirilməsi məmnunluqla vurğulanıb.
Görüşdə birgə media kontentinin hazırlanması və mübadiləsi, Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin blogerlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə edilib. Bununla yanaşı, ortaq tariximizin, mədəniyyətimizin, ənənələrimizin və mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Özbəkistan nümayəndə heyəti IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaqlar Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə birbaşa dialoq qurmasını və media nümayəndələrinin çoxsaylı suallarını açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər. Onlar, həmçinin dövlətimizin başçısının Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına dair səsləndirdiyi mühüm mesajları yüksək dəyərləndiriblər.







