Stress, yorğunluq və zehni tükənmə yalnız müasir dövrün problemi deyil.
Tarixçi Peter Consun araşdırmasına görə, orta əsr mütəfəkkirləri də ümidsizlik, diqqət dağınıqlığı, işdən qaçmaq istəyi və emosional boşluq kimi halları ətraflı təsvir ediblər.
EDnews "BBC"-yə istinadən xəbər verir ki, erkən xristian müəllifi Con Kassian bu vəziyyəti yorğunluq, ümidsizlik və “ağlasığmaz zehin qarışıqlığı” kimi təqdim edib.
Orta əsrlərdə bu hal “acedia” adlandırılırdı və sevginin, marağın, qayğının itməsi, ruhun boşalması mənasını daşıyırdı.
Consun sözlərinə görə, həmin dövrün mətnlərində tükənmədən çıxış yolu kimi xoşagəlməz hisslərlə mübarizə aparmaq əvəzinə onları qəbul etmək, insanı çətin vaxtlarda ayaqda saxlayan ali məqsəd tapmaq və özünə qarşı daha mərhəmətli olmaq tövsiyə edilirdi.
Orta əsr müəllifləri hesab edirdilər ki, həyat çətin və daşlı yolda qaçmağa bənzəyir: uzun müddət irəliləyən hər kəs nə vaxtsa büdrəyə bilər. Əsas məsələ yıxıldığı üçün özünü günahlandırmamaq və insanı həyata bağlayan dəyərlərə yenidən qayıtmaqdır.







