Yaponiyada imperator taxtına cəmi üç kişi varisin qalması ölkədə varislik böhranını dərinləşdirib.
EDnews CNN-ə istinadən xəbər verir ki, varislərdən ikisinin yaşı 60-dan yuxarıdır.
Ən real namizəd isə şahzadə Akişinonun 19 yaşlı oğlu Hisahitodur.
Hökumət problemi həll etmək üçün 1947-ci ildə imperator ailəsindən çıxarılan keçmiş sülalələrin kişi nümayəndələrinin yenidən ailəyə qəbul edilməsini təklif edir. Lakin layihədə qadınların taxta çıxması nəzərdə tutulmur.
İmperator Naruhitonun cəmiyyətdə böyük rəğbət qazanan 24 yaşlı qızı şahzadə Aiko da yalnız qadın olduğu üçün taxt-taca varis sayıla bilməz.
Çuo Universitetinin professoru Makoto Okava bildirib ki, qadınların imperator olmasına qoyulan qadağanın rasional əsası yoxdur. O xatırladıb ki, Yaponiya tarixində səkkiz qadın imperator olub.
Sorğular əhalinin əksəriyyətinin qadın imperator ideyasına müsbət yanaşdığını göstərsə də, Baş nazir Sanae Takaiçi və hakim Liberal Demokrat Partiyası varisliyin yalnız kişi xətti ilə davam etdirilməsini dəstəkləyir.
Ekspertlər hesab edirlər ki, qadınlar varislikdən kənarda saxlanıldığı müddətdə imperator ailəsinin gələcəyini uzunmüddətli şəkildə təmin etmək çətin olacaq.








