Bakı–Şamaxı yolunda asfalt örtüyünün çökməsi qeydə alınıb.
EDnews xəbər verir ki, hadisə Cəngi kəndi yaxınlığında baş verib.
Ərazidən keçən sürücülərin sözlərinə görə, yolun çökməsi nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb və qəza riskini artırıb.
Məsələ ilə bağlı EDnews-un sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, məlumat daxil olan kimi əraziyə texnika və müvafiq əməkdaşlar cəlb edilib.
Onun sözlərinə görə, ilk növbədə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə zədələnmiş hissədə təmir-bərpa işləri həyata keçirilib və nəqliyyatın hərəkəti qısa müddət ərzində təhlükəsiz şəkildə bərpa edilib.
AAYDA rəsmisi əlavə edib ki, hazırda asfalt örtüyündə çökməyə səbəb olan amillərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.







