Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
Dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib: “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov EDnews-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev artıq neçənci dəfədir Rusiya-Ukrayna müharibəsi ilə bağlı prinsipial mövqeyini ifadə edir və müharibənin dayandırılmasının vacibliyini vurğulayır.

Onun sözlərinə görə, uzun illər işğaldan əziyyət çəkmiş bir dövlətin rəhbəri kimi Prezident İlham Əliyev dəfələrlə işğal faktı ilə barışmağın yolverilməz olduğunu bəyan edib. IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də bu prinsipial mövqenin davamıdır.
“Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ukrayna xalqı artıq dörd ildən çoxdur müharibə şəraitində yaşayır və bu müharibə dayandırılmalıdır. Paralel olaraq, Rusiyanın qonşu dövlətlərlə münasibətlərində yeni yanaşma ortaya qoymasının vacibliyini də diqqətə çatdırdı”.
Politoloq qeyd edib ki, Prezident bu fikirləri Cənubi Qafqaz kontekstində səsləndirsə də, əslində bu, Rusiyanın ümumilikdə postsovet məkanındakı siyasətinə ünvanlanan mesajdır.
“Rusiya postsovet ölkələri ilə münasibətlərinə yenidən baxmalı, yeni siyasi xətt formalaşdırmalıdır. Əks halda, bundan ən çox zərər görən tərəf elə Rusiyanın özü olacaq”.
Rəşad Bayramovun fikrincə, Prezident İlham Əliyevin müharibənin dayandırılması ilə bağlı çağırışı Moskva tərəfindən düzgün qiymətləndirilməli və real addımlarla müşayiət olunmalıdır.
“Bu müharibə həm Rusiya, həm də Ukrayna üçün ağır nəticələr doğurur. Ona görə də Prezident İlham Əliyevin verdiyi mesajın əsas mahiyyəti münaqişənin sülh yolu ilə başa çatdırılması və regionda sabitliyin təmin olunmasıdır”.







