ABŞ-nin Men ştatının Biddeford şəhərində keçirilən immiqrasiya əməliyyatı zamanı ICE agenti 26 yaşlı Kolumbiya vətəndaşını güllələyərək öldürüb.
EDnews "BBC"-yə əsasən xəbər verir ki, ICE əməkdaşları deportasiya qərarı verilmiş şəxsin ünvanını izləyərkən ərazidən avtomobillə uzaqlaşmağa çalışan sürücünü saxlamaq istəyiblər. Agentlik sürücünün hadisə yerindən qaçmağa çalışdığını və zabitlərdən birinin təhlükəsizlik səbəbilə atəş açdığını bildirib.
Lakin sonradan ölən şəxsin əməliyyat çərçivəsində axtarılan şəxs olmadığı məlum olub. Kolumbiya səfirliyi mərhumun bu ölkənin vətəndaşı olduğunu təsdiqləyərək ABŞ rəsmilərindən hadisənin şəffaf araşdırılmasını tələb edib.
Yerli təşkilatların məlumatına görə, öldürülən şəxsin ABŞ-də işləmək icazəsi olub. Hadisədən sonra Biddefordda etiraz aksiyaları keçirilib.
Men ştatının Baş Prokurorluğu istintaqa başlayıb. Atəş açan ICE agenti araşdırma başa çatanadək vəzifəsindən uzaqlaşdırılıb.








