İsti havalarda düzgün geyim seçimi bədən temperaturunun qorunmasında mühüm rol oynayır. Alimlər bildirirlər ki, uyğun paltar seçməklə kondisionerdən istifadəyə ehtiyacı azaltmaq və enerjiyə qənaət etmək mümkündür.
EDnews xəbər verir ki, araşdırmalara görə, yay aylarında geyimin yalnız rəngi deyil, həm də materialı və bədənə oturuşu sərin qalmağa təsir edir.
Ağ rəngli geyimlər günəş şüalarını əks etdirdiyi üçün çox vaxt ən yaxşı seçim hesab olunur. Lakin alimlər qeyd edirlər ki, boş geyimlər bəzən rəngdən daha vacib rol oynayır. Məsələn, səhrada yaşayan bədəvilərin boş qara geyimlərdən istifadə etməsi göstərir ki, əsas məsələ havanın paltar ilə dəri arasında hərəkət etməsidir.
Mütəxəssislərin sözlərinə görə, isti və rütubətli havalarda kətan, pambıq, neylon və polyester kimi hava keçirən parçalar daha uyğundur. Bununla belə, Pambıq parçalar təri yaxşı hopdurur, lakin gec quruduğu üçün paltar uzun müddət nəm qala bilər.
Alimlər bildirirlər ki, gələcəkdə temperatur dəyişdikcə quruluşunu dəyişən “ağıllı parçalar” bədənin soyumasına daha effektiv kömək edə bilər.
Maraqlı məqam isə odur ki, isti havalarda bədəni soyutmağın ən sadə üsullarından biri yaş paltar geyinməkdir. Suyun buxarlanması bədəndən istilik götürdüyü üçün temperaturun aşağı düşməsinə kömək edir.







