Dünyada baş verən müharibələr və yaranan xaos səngimək bilmir. Bu qarşıdurmalar təkcə insan talelərinə deyil, ətraf mühitə də ciddi zərbə vurur. Əgər uzaq keçmişdə döyüşlər əsasən açıq ərazilərdə cərəyan edirdisə, müasir dövrdə müharibələr getdikcə şəhər münaqişələri formasını alır. Bu isə artıq təkcə hərbi qüvvələrin deyil, bütöv şəhərlərin, yaşayış məntəqələrinin, mədəni irsin və mülki əhalinin hədəfə çevrilməsi deməkdir. Son onillikdə baş verən müharibələr nəticəsində bir çox şəhər və yaşayış məntəqəsi demək olar ki, yer üzündən silinib. Müharibələrdən ən çox zərər çəkən bir neçə şəhərə nəzər salaq:
- Hələb və Homs şəhələri (Suriya): bu şəhərlər 2011- ci ildən bəri davam edən Vətəndaş Müharibəsinin qurbanlarıdır. Suriyada siyasi qeyri- müəyyənlik nəticəsində bərpa işləri həyata keçirilmir. Şəhərlərin böyük bir hissəsi xarabalığa bənzəyir. Dövlətin daxili gəliri bərpa işlərinə kifayət etmir
- Mosul (İraq): bu şəhər 2014- 2017- ci illərdə İŞİD- ə qarşı antiterror əməliyyatları nəticəsində aylarla bombardmanlara məruz qalıb. BMT- nin inkişaf proqramı, UN- Habitat və beynəlxalq donorların dəstəyi ilə şəhərdə yenidənqurma işləri davam edir. Lakin hələ də milyardlarla dollar vəsait və uzun vaxt lazımdır.
- Mariupol və Baxmut (Ukrayna): 2022- ci ildən bəri davam edən Rusiya- Ukrayna müharibəsi fəsadlar törətməyə davam edir. Mariupol şəhəri 2022- ci ildə aylarla blokada və fasiləsiz hava zərbələri şəraitində dağıdıldı. Baxmut şəhəri də artilleriya zərbələri ilə xarabalığa çevrildi. 2022- cil ilin mayında Rusiya tərəfindən işğal edilən Mariupol şəhərində birtərəfli yenidənqurma prosesləri aparılır. Lakin bu bərpa işləri siyasi dəyişikliklərlə bağlıdır. Yeni tikilən mənzillər Rusiya vətəndaşları tərəfindən alınır, Ukraynalı əhali isə didərgin düşmüş vəziyyətdədir.
- Qəzza və Xan Yunis (Fələstin): 2023- 2025- ci illər İsrail-HƏMAS münaqişəsinin təhlükəli bölgəsi halına çevrilib. Fasiləsiz hava zərbələri nəticəsində tez bir zamanda dağıntı zonasına çevrilib. 2025- ci ildə atəşkəsdən sonra bərpa işləri üçün beynəlxalq qurumlar yaradılıb. Lakin indi bərpa işlərinə başlamaq, demək olar ki, mümkünsüzdür. Hazırda Qəzzada milyardlarla tikinti tullantısı mövcuddur. BMT bu tullantıları "süni adalar" yaratmaq üçün emal etməyi planlaşdırır. Lakin bu əraziyə ağır texnikanın buraxılmaması bərpa işlərinin qarşısını alır.
Rəqəmlərlə bu şəhərlərdə müharibə dağıntılarını qiymətləndirdikdə isə belə bir nəticə ortaya çıxır:
Suriya (Hələb, Homs) - 216 milyard dollar
Mosul - 7–10 milyard dollar
Ukrayna (Mariupol, Baxmut) -588 milyard dollar
Qəzza - 70 milyard dollara yaxın
Göründüyü kimi, müasir ağır silahlar insanlar, yaşayış yerləri arasında heç bir fərq qoymur. Silahların istifadəsi nəticəsində elektrik stansiyaları, su təmizləyici qurğular, xəstəxanalar sıradan çıxır. Bu da kütləvi epidemiyaların yayılmasına şərait yaradır.
Müharibələr sübut edir ki, bir şəhər bir neçə həftə ərzində tamamilə məhv oluna bilər. Lakin onun yenidən bərpa olunması illər alır. Bu gün Mariupol, Qəzza və ya Hələb sadəcə hərbi itki deyil, bəşəriyyətin qlobal təhlükəsizlik sistemindəki uğursuzluğunun memarlıq formasına çevrilmiş acı rəmzləridir...
Ayşə Zeynallı | EDnews







