“TələbəPlus” kartları tələbələr üçün müəyyən güzəştlər və bank xidmətləri təklif etsə də, müasir texnoloji dövrün tələbləri baxımından bu kartlarla bağlı bir sıra ciddi problemlər var.
Problemlərdən biri məhz kartın hələ də fiziki daşıyıcıya möhtac olmasıdır. 2026-cı ildə “Apple Pay”, “Google Pay” və digər “NFC” texnologiyalarının hər addımda olduğu bir mühitdə, tələbənin hələ də plastik kartı cüzdanında gəzdirməyə məcbur edilməsi arxaik bir yanaşmadır. Müasir tələbə üçün tələbələrin fiziki kartları üzərlərində daşıması da itirilmə riski baxımından onlar üçün əlverişsizdir.
Tələbə kartını evdə unutduqda universitetə giriş hüququndan məhrum olur. Halbuki mobil tətbiq vasitəsilə rəqəmsal identifikasiya bu problemi kökündən həll edə bilərdi. Eyni zamanda kartın itirilməsi və ya zədələnməsi halında tələbəyə yeni kart təqdim olunmalıdır ki, bu da uzun müddət tələb etdiyindən tələbəni həftələrlə güzəştlərdən uzaq qoyur.
Kartın adında "plus" olsa da, təklif etdiyi real endirimlər və tərəfdaş şəbəkəsi də çox vaxt tələbələrin gündəlik ehtiyaclarını tam əhatə etmir.
Sistemin ən böyük boşluqlarından digər biri isə endirim tətbiq olunan məkanlar barədə bildirişlərin tələbələrə göndərilməməsidir.
Müasir dövrdə marketinq və istifadəçi təcrübəsi tamamilə "real-time" bildirişlərə əsaslandığı halda, “TələbəPlus” bu mövzuda səssiz qalır.
Əgər tələbə bir kafeyə, mağazaya və ya kinoteatra girəndə orada endirim olduğunu bilmirsə, o endirimin kağız üzərində olmasının heç bir mənası yoxdur. Tələbə hər dəfə qapıdan girəndə "Burada tələbə kartı keçir?", - deyə soruşmalı və ya hər dəfə sayta girib siyahını yoxlamalı deyil.
Bir növ məkan xidmətlərinin yoxluğu da bu problemə səbəb olur. Sən hansısa ticarət mərkəzinə və ya küçəyə daxil olanda telefonuna bildiriş gəlməlidir: "Salam! Hazırda yaxınlığındakı X mağazasında sənə 20% endirim var!".
İstifadəçini tətbiqə daxil olmağa məcbur etmək köhnə yanaşmadır.
Tətbiqi özü istifadəçiyə faydalı xidmət təklif etməlidir. Bildiriş gəlmədiyi üçün kart yavaş-yavaş yaddaşlardan silinir və cüzdanın küncündə onu toz basır. Tələbə ancaq ödəniş edib bitirdikdən sonra xatırlayır ki: "Aaa, burada endirim var idi axı...".
Bildiriş sisteminin olmaması həm də o deməkdir ki, tərəfdaş şəbəkəsi yenilənəndə bizim xəbərimiz olmur. Yeni bir kitab evi və ya kurs layihəyə qoşulsa belə, tələbə kütləsi bundan xəbərsiz qalır.
“TələbəPlus” sadəcə bir "ödəniş kartı" deyil, tələbənin həyatını asanlaşdıran bir asistent olmalıdır. Asistent isə susmamalı, lazım olan yerdə və zamanda tələbəyə faydasını xatırlatmalıdır.
Xatırladaq ki, Azərbaycanda tələbələrə “TələbəPlus” kartlarının verilməsinə 2024-cü ildən başlanılıb.







