Moldovanın Konstitusiya Məhkəməsinin Qaqauziyanın Mərkəzi Seçki Komissiyasını müstəqil şəkildə formalaşdırmaq səlahiyyətini konstitusiyaya zidd elan etməsi ölkədə mərkəzi hakimiyyətlə muxtar bölgə arasındakı münasibətlərdə yeni siyasi gərginlik yaradıb.
Qərara əsasən, Qaqauziyada seçki prosesinin təşkili və seçki qurumlarının formalaşdırılması Moldova qanunvericiliyinin ümumi tələblərinə uyğun həyata keçirilməlidir. Belə bir qərar isə, öz növbəsində, Qaqauziyanın muxtar səlahiyyətləri, Kişinyovun bölgə üzərində nəzarət siyasəti və Moldovanın Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı bir sıra suallar doğurur.
Bəs, baş verənlər Moldovanın Avropa İttifaqına inteqrasiya prosesi ilə əlaqəlidirmi? Qərar Qaqauziyanın muxtar statusuna və ölkənin gələcək siyasi kursuna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan EDnews-a danışarkən qeyd edib ki, hələ 1994-cü ildə Qaqauziyanın muxtariyyəti ilə bağlı qanun qəbul edilərkən onun daxili məsələlərdə müstəqilliyi təsbit olunmuşdu. Lakin sonrakı dövrdə Kişinyov muxtariyyətdə baş verən prosesləri nəzarətə götürərək onun səlahiyyətlərini məhdudlaşdırmaq və fəaliyyətini mərkəzi hakimiyyətin qəbul etdiyi qanunlar çərçivəsində davam etdirmək qərarına gəldi:

"Buna görə də, Moldova Konstitusiya Məhkəməsi Qaqauziyada seçkilərin keçirilməsinə nəzarət səlahiyyətinin ölkənin Mərkəzi Seçki Komissiyasına aid olması barədə qərar qəbul etdi. Bunun əsas səbəblərindən biri muxtar bölgədə keçirilən seçkilərdə rusiyayönümlü hesab olunan qüvvələrin qalib gəlməsidir. Rəsmi Kişinyov hesab edir ki, Qaqauziyada rusiyayönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsi gələcəkdə bu ərazinin Moldova mərkəzi hakimiyyətinin nəzarətindən çıxması ilə nəticələnə bilər. Çünki Moldovada bununla bağlı artıq Dnestryanı presedenti mövcuddur. Dnestryanı bölgəsi Rusiyayönlüdür və özünü Moldovadan ayrı dövlət hesab edir".
Politoloqun sözlərinə görə, məhz bu nümunəni nəzərə alan rəsmi Kişinyov Qaqauziyanın muxtar səlahiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib:
"Hər halda Moldovanın Avropa İttifaqına inteqrasiyası hələlik asan görünmür. Çünki ölkənin ərazi bütövlüyü tam şəkildə təmin olunmayıb. Buna görə də Moldova gələcəkdə ölkədaxili demokratiyanın qorunması naminə Qaqauziya ilə mövcud problemi dinc yolla və qarşılıqlı dialoq əsasında həll etməyə çalışmalıdır".
Aytac Kərimova | EDnews





.jpeg)

