Son günlər qida zəhərlənməsi ilə bağlı müraciətlərin artması bu problemin səbəblərini yenidən gündəmə gətirib.
Bəs qida zəhərlənmələri niyə tez-tez baş verir və insanlar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı EDnews-a danışan qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qida zəhərlənmələrinin əsas səbəblərindən biri yeməklərin hazırlanması zamanı gigiyena qaydalarına əməl edilməməsidir.
Onun sözlərinə görə, əllərin yuyulmaması, doğrama taxtalarının və bıçaqların kifayət qədər təmizlənməməsi çarpaz çirklənməyə səbəb olur:
“Bir çox hallarda keyfiyyətli xammaldan istifadə olunsa belə, gigiyena qaydalarına əməl edilmədikdə çarpaz çirklənmə baş verir. Bu zaman qidada mikroorqanizmlər sürətlə çoxalır və nəticədə qida zəhərlənməsi riski artır”.
Mütəxəssis qeyd edib ki, xüsusilə salatlar hazırlanarkən çiy və bişmiş məhsulların eyni qabda saxlanılması, eyni bıçaqdan istifadə edilməsi təhlükəlidir.
“Çiy tərəvəzlər mütləq şəkildə yaxşı yuyulmalıdır. Salatlarda istifadə olunan yumurta, toyuq əti və digər məhsullar tam bişmədikdə riskli hesab olunur və zəhərlənməyə səbəb ola bilər”.
Məhsəti Hüseynovanın sözlərinə görə, qidaların düzgün temperaturda saxlanılmaması da əsas risk amillərindəndir.
“Soyuq şəraitdə saxlanmalı olan məhsullar bəzən saatlarla otaq temperaturunda qalır. Xüsusilə mətbəxdə temperatur yüksək olduğundan, məhsul iki saatdan artıq uyğun olmayan şəraitdə saxlanıldıqda onun tərkibində təhlükəli dəyişikliklər baş verir”.
Ekspert bildirib ki, əvvəlcədən hazırlanıb saxlanılan məhsullar, eləcə də mayonez və xama kimi sousların düzgün istifadə edilməməsi də zəhərlənmə riskini artırır.
“Bu məhsulların qabı açıldıqdan sonra qısa müddətdə istifadə olunması vacibdir. Təəssüf ki, ev şəraitində buna çox vaxt diqqət edilmir. Həmçinin qidalar yalnız istehlak olunacaq qədər hazırlanmalı, mümkün qədər uzun müddət saxlanılmamalıdır”.
Məhsəti Hüseynova vurğulayıb ki, qida zəhərlənmələri hər kəs üçün təhlükəli olsa da, bəzi insanlar daha yüksək risk qrupuna daxildir.
“Azyaşlı uşaqlar, yaşlılar, immun sistemi zəif olan şəxslər, xroniki xəstələr, hamilə və süd verən qadınlar qida zəhərlənmələrinə qarşı daha həssasdırlar”.
Ekspert bir yaşlı uşaqlara salat verilməsini də məqsədəuyğun hesab etmir.
“Salatlarda duz miqdarı yüksək olur, əvvəlcədən bişirilərək saxlanılan məhsullarda isə bakteriya riski artır. Körpələrin həzm sistemi tam formalaşmadığı üçün bu, qida zəhərlənməsi, ishal, qarın ağrısı və digər sağlamlıq problemlərinə səbəb ola bilər”.
Sonda mütəxəssis vətəndaşlara qidaların hazırlanması və saxlanılması zamanı gigiyena qaydalarına ciddi əməl etməyi, məhsulları uyğun temperaturda saxlamağı və xüsusilə yay aylarında tez xarab olan qidaların istehlakına qarşı daha diqqətli olmağı tövsiyə edib.






