Yay fəslində düzgün qidalanma orqanizmi həm susuzluqdan, həm də istinin yaratdığı halsızlıqdan qorumaqda mühüm rol oynayır. Bu barədə “Wellness Pulse” nəşrinə açıqlamasında Britaniya diyetoloqu Kelli Kraysir məlumat verib.
Yay üçün ideal rasion: nə yeyək ki, sərin qalaq?
Kelli Kraysirin sözlərinə görə, meyvə, tərəvəz, yarpaqlı göyərti və yunan qatığı kimi təbii və yüksək maye tərkibli qidalar, orqanizmin nəmlənməsinə və temperaturun tarazlanmasına yardım edir:
“İsti havalarda daha çox qarpız, xiyar, pomidor, moruq, reyhan, kahı kimi məhsulların qəbulu tövsiyə olunur. Həm doyurucu, həm də bədən üçün sərinləşdirici təsir göstərirlər.”
Bundan uzaq durun: istidə susuzluğu artıran qidalar
Ekspert istidə xüsusilə qəhvə, ət qəlyanaltıları, duzlu və şəkərli qidalardan uzaq durmağı tövsiyə edir. Bunlar susuzlaşdırmanı sürətləndirir, həm də qan təzyiqində və şəkərdə kəskin dalğalanmalara səbəb ola bilər.
"Xüsusilə tərkibində yüksək natrium olan hazır qidalar, cipslər, kolbasa və konservlər orqanizmin nəmlənmə mexanizmini pozur. Bu da ürək-damar sistemi üçün təhlükə yarada bilər.”
Qəhvə və spirtli içkilər: yayda balans vacibdir
Kraysir kofein və spirtli içkilərin istifadəsinə diqqət yetirməyi məsləhət görür. Onun sözlərinə görə, bu içkilərin sidikqovucu təsiri səbəbindən bədən daha çox maye itirir:
“İçdiyiniz hər fincan qəhvə və ya kokteylə qarşılıq, ən azı bir stəkan su içmək lazımdır. Əks halda, başgicəllənmə, yorğunluq və istilik vurması riski artır.”
Şəkərli məhsulların yayda təhlükəsi
Qənnadı məmulatları, tort, şirin içkilər və qazlı sular – yayda bu qidalar yalnız çəkiyə deyil, səhiyyəyə də mənfi təsir edir.
“Şəkər bədəndə insulinin səviyyəsini sürətlə qaldırır, ardından isə sürətlə aşağı salır. Bu isə istidə əhval-ruhiyyə pozuntularına, başağrısına və gücsüzlüyə gətirib çıxara bilər.”
Yayda düzgün balans – orqanizmin xilasıdır
Kelli Kraysir sonda xatırladır: su, təravətli meyvə və tərəvəzlər, yüngül protein mənbələri (məsələn, qatıq, kəsmik, yumurta) yayda həm immuniteti qoruyur, həm də istiliyin orqanizmə təsirini azaldır.
Qısa tövsiyələr:
- Daha çox xiyar, pomidor, kahı və qarpız yeyin
- Gündəlik su miqdarını artırın (ən az 2-2,5 litr)
- Qəhvə və spirtli içkiləri minimuma endirin
-Şəkərli və duzlu məhsullardan uzaq durun
-İstidə daha çox təbii və yüngül qidalar seçin
Yay — orqanizminizi bərpa etmək və balans yaratmaq üçün fürsətdir. Qida seçiminiz sizi ya təravətləndirər, ya da yorar.