Portret və kontent çəkilişi üzrə rusiyalı tanınmış fotoqraf Roman Yuklyayevski selfiləri texniki cəhətdən yaxşı olsa da, cazibəsiz göstərən beş əsas səhvi Gazeta.ru-ya açıqlamasında sadalayıb. Onun sözlərinə görə, yaxşı selfi – texniki yox, emosional və vizual harmoniyanın məhsuludur.
1. Qarışıq və uyğunsuz fon
Arxa plandakı səliqəsizlik — təsadüfi əşyalar, naqillər, güzgü əksləri və ya yersiz insanlar — fotonun əsas ideyasını pozur.
“Ən bəsit, amma ən çox rast gəlinən səhv budur,” – deyə fotoqraf bildirir. “Fon vizual səs-küy yaradır və diqqəti yayındırır. Cəmi 10 saniyəlik səy selfinizi xilas edə bilər.”
2. Boş və hissiz baxış: obyektivlə dialoqun pozulması
Səmimiyyətsiz, donuq baxışlar selfini süni və darıxdırıcı edir. Kamera sadəcə linza deyil – “qarşınızdakı insandır.”
“Obyektivə baxarkən öz yaxın dostunuza baxırmış kimi düşünün,” – deyə Yuklyayevski qeyd edir. “Gözlərdə həyat varsa, foto da canlı olacaq.”
3. Eyni bucaq, eyni mimika – vizual təkrarlama tələsi
Tək rakursdan saysız-hesabsız şəkil üzünüzün dinamizmini və xarakterini itirir.
“Üz üçölçülüdür – onu bir bucaqla ifadə etmək qeyri-mümkündür. Eksperiment aparın: başı əyin, çənəni dəyişin, fərqli istiqamətlərdən çəkiliş edin.”
4. Yanlış işıqlandırma: göz altındakı kölgələr və 10 yaş artıq görünmək
Yuxarıdan və ya aşağıdan gələn sərt işıq sizi daha yaşlı və yorğun göstərə bilər. Ən ideal variant – yumşaq, təbii, yan tərəfdən gələn işıqdır.
“Işıq portretdə heykəltəraş kimidir. Klassik seçim: pəncərə yaxınlığında, günəşsiz, diffuz işıqla çəkilişdir.”
5. Süni təbəssüm və "növbətçi mimika": şəkli qeyri-səmimi edir
İnsanı özünə bənzəməyən göstərən əsas amil – daxili emosiyanın olmamasıdır.
“Dodaqlarınızı gülməyə məcbur etmək əvəzinə, sizi sevindirən bir şeyi xatırlayın. Gözlərlə gülmək – ən təbii və cazibədar ifadədir.”
Selfi – texnika yox, ruh halıdır
Roman Yuklyayevskinin fikrincə, yaxşı selfi — yalnız megapiksel və filterlərlə yox, hiss və dürüstlüklə yaranır.
“Obyektivə özünüz kimi baxın. Özünüzü rahat hiss etdiyiniz an – selfinizdə də o təbiilik görünəcək. İnsanlar bəzən ən gözəl pozanı yox, ən real insanı xatırlayır.”