Braziliyada keçirilən BRİCS sammitində təşkilata üzv ölkələrin liderləri İsrailə qarşı açıq və prinsipial mövqe nümayiş etdiriblər.
EDnews xəbər verir ki, sammitin yekun bəyannaməsində BRİCS liderləri İsraildən Suriya ərazisindəki bütün hərbi mövqelərini və silahlı qüvvələrini dərhal geri çəkməyi tələb ediblər.
Sənəddə eyni zamanda Suriya dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü BRİCS ölkələri tərəfindən bir daha qəti şəkildə dəstəklənib. Liderlər vurğulayıblar ki, Suriyada davam edən xarici hərbi müdaxilələr ölkədə sabitliyin və sülhün bərpasına ciddi maneələr yaradır.
Analitiklərin fikrincə, bu bəyanat BRCS-in yalnız iqtisadi yox, həm də siyasi arenada artan təsirini nümayiş etdirir. Ekspertlər qeyd edirlər ki, təşkilatın bu cür mövqeləri Qərb blokunun Yaxın Şərq siyasətinə qarşı alternativ yanaşma formalaşdırır və BRİCS-i beynəlxalq münasibətlərdə getdikcə daha aktiv geosiyasi oyunçuya çevirir.
Xatırladaq ki, BRİCS hazırda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ilə yanaşı, son dövrlərdə təşkilata yeni üzvlərin də cəlb edilməsi istiqamətində genişlənmə siyasəti aparır. Bu isə qurumun həm iqtisadi, həm də diplomatik güc mərkəzi kimi formalaşmaqda olduğunu göstərir.