Çin Avropa İttifaqından tibbi texnika idxalını məhdudlaşdırmaq qərarına gəlib.
EDnews xəbər verir ki, bu addım 5,3 milyon avrodan çox dəyərdə olan məhsulları əhatə edir və Avropa-Çin ticarət münasibətlərində yeni gərginlik mərhələsinin siqnalı hesab olunur.
Yeni tənzimləməyə əsasən, əgər tibbi texnikanın 50%-dən çox komponenti Avropa İttifaqında istehsal olunub və məhsul üçüncü ölkələr vasitəsilə Çinə gətirilirsə, həmin avadanlığın idxalına tam qadağa qoyulacaq.
Çin Ticarət Nazirliyi bu tədbiri Aİ-nin iqtisadi siyasətinə cavab addımı kimi əsaslandırıb. Nazirliyin rəsmi açıqlamasında bildirilir:
“Təəssüf ki, Çin tərəfinin yaxşı niyyətinə və əməkdaşlıq çağırışlarına baxmayaraq, Avropa İttifaqı proteksionist məhdudiyyətlər tətbiq etməkdə israrlıdır. Bu səbəbdən Pekin öz iqtisadi maraqlarını qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalıb.”
Bu qərar Çin və Aİ arasında artmaqda olan ticarət və texnologiya mübahisələrinin növbəti mərhələsi kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, Avropa İttifaqının son dövrlərdə Çin məhsullarına qarşı tətbiq etdiyi texnoloji və normativ baryerlər, xüsusilə də strateji sənaye sahələrində rəqabəti kəskinləşdirib.
Çinin cavab tədbiri yalnız iqtisadi deyil, həm də geosiyasi ölçülər daşıyır. Bu addım qlobal tədarük zəncirlərinə, texnologiya transferinə və üçüncü ölkələrin mövqelərinə də təsirsiz ötüşməyəcək. Gözləntilərə görə, yaxın aylarda tərəflər arasında diplomatik və ticarət dialoqu daha da intensivləşə bilər.