Texnologiya nəhəngi Microsoft Pakistanda yerləşən rəsmi ofisinin fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu barədə məlumatı şirkətin ölkə üzrə rəhbəri Cavad Rəhman şəxsi LinkedIn səhifəsində paylaşıb.
EDnews xəbər verir ki, Microsoft-un açıqlamasında qərarın iş proseslərinin optimallaşdırılması və korporativ strategiyanın yenidən təşkili ilə bağlı olduğu bildirilir. Şirkət qeyd edir ki, Pakistanlı istifadəçilər üçün xidmətlər əvvəlki qaydada – digər ölkələrdəki regional ofislər və tərəfdaş şirkətlər vasitəsilə təmin olunacaq.
Rəsmi məlumata görə, bağlanan ofisdə cəmi beş nəfər çalışırdı və onların hamısı işdən azad olunub. Buna baxmayaraq, qərarın xidmətlərin keyfiyyətinə və davamlılığına təsir etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, 250 milyondan çox əhalisi olan Pakistan dünyada əhali sayına görə beşinci ölkədir. Lakin ölkədəki siyasi qeyri-sabitlik, internet infrastrukturunun zəifliyi və dövlət səviyyəsində İT strategiyalarının qeyri-müəyyənliyi səbəbindən bir sıra beynəlxalq texnologiya şirkətləri bu bazarda genişmiqyaslı sərmayə yatırmaqdan çəkinirlər.