Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım qeydə alıblar və bunun yaxın həftələrdə tarixdəki ən qısa günün baş verməsinə səbəb ola biləcəyini açıqlayıblar. Bu elmi kəşf, planetin dinamikasında baş verən sirli dəyişikliklərə dair sualları da gündəmə gətirib.
EDnews xəbər verir ki, London Universitetinin astrofiziki Qraham Cons bu yay Yer kürəsinin 9 iyul, 22 iyul və 5 avqust tarixlərində normaldan daha sürətli fırlanacağını bildirib. Həmin günlərdə günün uzunluğu müvafiq olaraq 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər:
"Bu fərq millisaniyə səviyyəsində olsa da, Yerin fırlanma müddətində bu cür sürətlənmə nadir haldır və texnoloji sistemlər üçün əhəmiyyətli nəticələr doğura bilər."
Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə prosesin elmi ictimaiyyətdə təəccüblə qarşılandığını bildirib:
"Heç kim belə bir dəyişikliyi proqnozlaşdırmırdı. Bu sürətlənmənin səbəbi hələlik müəmmalı olaraq qalır."
Mütəxəssislər xəbərdarlıq edirlər ki, millisaniyə səviyyəsində olsa belə, bu tip dəyişikliklər yüksək dəqiqlik tələb edən texnologiyalara – xüsusilə peyk sistemlərinə, GPS koordinasiya dəqiqliyinə və zaman sinxronizasiyası texnologiyalarına təsir edə bilər.
Qeyd edək ki, Yer kürəsi öz oxu ətrafında normal olaraq 24 saat ərzində — yəni dəqiq hesabla 86.400 saniyədə bir tam dövr tamamlayır. Lakin bu müddət atmosfer axınları, okean dövranları, zəlzələlər və buzlaqların əriməsi kimi geofiziki faktorların təsiri ilə azacıq da olsa dəyişə bilir.
Xatırladaq ki, 2020-ci ildən bəri Yerin fırlanma sürətində rekord dəyişikliklər müşahidə olunmaqdadır. Bu dinamika həm planetin daxili geoloji vəziyyəti, həm də qlobal iqlim sistemlərinin təsiri ilə bağlı yeni araşdırmalar üçün zəmin yaradır.