Misirin cənubunda yerləşən Əsvan şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar Ptolemeylər sülaləsi və Roma dövrünə aid, nadir halda bu qədər yaxşı vəziyyətdə qalan qədim qəbirlər aşkar ediblər.
“EDnews” xəbər verir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasına görə, Misir və İtaliyadan olan birgə arxeoloji missiya Yunan və Roma dövrlərinə aid bir sıra qayaüstü qəbirlər aşkarlayıb. Bu məzarların bəzilərində heroqliflərlə yazılmış mətnlər hələ də aydın şəkildə oxunur və bu, onların yaxşı qorunub saxlanmasından xəbər verir.
Qəbirlərdən biri xüsusilə diqqət çəkir. Yerin təxminən iki metrdən çox dərinliyində yerləşən bu qəbirə doqquzpilləli daş pilləkən aparır. Türbənin içərisində əhəng daşından hazırlanmış, təxminən iki metr hündürlüyündə sarkofaq yerləşir. O, birbaşa qayada oyulmuş platformada qurulub.
Nazirliyin məlumatına görə, sarkofaqın üzərindəki heroqlif mətnlər, məzarın yüksək statuslu bir şəxsə – çox güman ki, Əsvandan olan nüfuzlu bir şəxsin dəfninə aid olduğunu göstərir. Qəbirdə həmçinin digər mumiyalar, o cümlədən uşaq mumiyaları da aşkar olunub.
Misirin Qədim Əsərlər Ali Şurası bu tapıntını əhəmiyyətli bir elmi kəşf kimi qiymətləndirib. Şura həmçinin bildirib ki, arxeoloqlar yaxın vaxtlarda qəbirdə aşkarlanan mumiyalar üzərində tomoqrafiya və bioloji analizlər aparacaqlar. Bu araşdırmalar sayəsində qədim Misir cəmiyyətinin sosial strukturu, sağlamlıq vəziyyəti və dəfn mərasimləri haqqında daha dərin elmi məlumatların əldə olunacağı gözlənilir.