Misirdə məşhur Xeops ehramı qullar deyil, peşəkar işçilər tərəfindən inşa edilib.
“EDnews” xəbər verir ki, bu barədə Misirli məşhur arxeoloq və sabiq qədim abidələr naziri Zahi Həvvas bəyan edib.
Onun rəhbərlik etdiyi ekspedisiya XIII əsrə (e.ə.) aid işçilərə məxsus izlər və qəbirlər aşkar edib. Ehramın cənub tərəfində yerləşən bu məzar yerlərində daş daşıyan fiqurlar və "ehramın tərəfini nəzarətdə saxlayan", "sənətkar" kimi heroqliflər tapılıb.
Həvvas bu faktların tikintidə qul əməyindən istifadə olunmadığını təsdiqlədiyini deyib:
"Əgər onlar qul olsaydılar, ehramların kölgəsində dəfn edilməzdilər", - deyə o izah verib.
Araşdırmalara görə, işçilər 10 günlük fasilələrlə növbəli şəkildə çalışıblar. Bəzi işçilər daşı doğrayıb formaya salır, digərləri isə taxta xizəklərlə qumun üstü ilə bu daşları daşıyırdılar.