Azərbaycanda ilk dəfə olaraq kamança üzrə milli standartlar təsdiq edilib.
EDnews xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb.
AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanan kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib. Yeni standartlar kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir.
Bu, Azərbaycanda milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi hesab olunur. Layihə qeyri-maddi mədəni irsin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı isə 2024-cü ildə təsdiqlənib.
Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub. Layihələrlə bağlı mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib və hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsindən keçirilməsi qərara alınıb.
2026-cı il mayın 26-da və iyunun 25-də Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Ekspertiza və səsvermənin nəticələrinə əsasən, alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiqlənib.
İyunun 29-da AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. İclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.
Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb.
Qeyd edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Alət UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və Azərbaycanın zəngin musiqi ənənələrinin dünyada tanınmasında mühüm rol oynayır.
Milli standartların qəbul edilməsi kamança istehsalında vahid keyfiyyət meyarlarının formalaşdırılmasına, ustaların fəaliyyətinin dəstəklənməsinə, peşəkar ifaçılıq mühitinin inkişafına, musiqi təhsilində vahid yanaşmanın tətbiqinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.
AZSTAND-44 Texniki Komitəsinin fəaliyyəti çərçivəsində növbəti mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur.














