ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Cianni İnfantino ilə danışdığını və ondan futbolçu Folarin Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini istədiyini deyib.
EDnews xəbər verir ki, BBC-nin xəbərinə görə, Tramp bu barədə Ağ Evdə çıxış edərkən danışıb.
O, FIFA-nın Baloquna verilən cəzanın icrasının dayandırılmasını doğru qərar kimi qiymətləndirib.
Tramp əlavə edib ki, bu cəza icra olunsa idi, turnir üçün “böyük bir ləkə”yə çevriləcəkdi.
“Mən düşünmürəm ki, bu qayda pozuntusu idi. Mən onlara nə edəcəyini deyə bilmərəm. Etdiyim yeganə şey qərarın nəzərdən keçirilməsini xahiş etmək oldu. Qərarı verən komissiya idi və bu düzgün qərar idi”, - Tramp qeyd edib.
Qeyd edək ki, UEFA bəyanat yayaraq FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib.
Xatırladaq ki, Folarin Baloqun Bosniya və Herseqovina yığmasına qarşı 1/16 final matçında kobud oyuna görə qırmızı vərəqə alıb. Qaydalara görə, o, Belçikaya qarşı 1/8 final matçını buraxmalı idi. Lakin FIFA ABŞ millisinin hücumçusunun diskvalifikasiyasını bir il sınaq müddəti ilə şərti olaraq dayandırıb və Baloqunun Belçikaya qarşı oyunda iştirakına icazə verilib. ABŞ Prezidenti Donald Tramp isə FIFA-ya Baloqunun cəzasının ləğvi ilə bağlı qərarına görə təşəkkür edib.








