Elbrus dağına dırmanış zamanı həlak olan alpinistin cəsədinin dağdan endirilməsi əlverişsiz hava şəraiti səbəbindən çətinləşib.
EDnews xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Axtarış-Xilasetmə Qrupunun "TASS"a verdiyi məlumata görə, xilasedicilər cəsədin təxliyəsi ilə bağlı qərarı faktiki hava şəraitini nəzərə alaraq verəcəklər.
Bildirilib ki, həlak olan şəxs Sankt-Peterburqdan gəlib və 10 nəfərlik alpinist qrupunun üzvü olub.
O, dağ marşrutu üzrə hərəkət etmək üçün Fövqəladə Hallar Nazirliyindən tələb olunan icazəni almayıb.
Xatırladaq ki, iyulun 6-da xilasedicilər 5 500 metr yüksəklikdə həlak olan alpinistin cəsədinin axtarışına başlayıblar. Ölüm faktı barədə məlumatı hadisənin şahidləri veriblər.
Məlumata görə, təxliyə işlərinə axşam saatlarında, təmir səbəbindən müvəqqəti fəaliyyətini dayandırmış kanat yolunun yenidən işə salınmasından sonra başlanılıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Kabardin-Balkariya üzrə regional idarəsi tərəfindən istintaqaqədər yoxlama aparılır.







