ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin dayandırılmasını əsas prioritetlərdən biri hesab edir və bu məsələnin həlli yollarını Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etmək niyyətindədir.
EDnews "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə yüksəkvəzifəli amerikalı məmur məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp Ankarada Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də danışıqlar aparmağı planlaşdırır. Bu təmasların əsas məqsədi döyüş əməliyyatlarının mümkün qədər tez dayandırılmasıdır. ABŞ lideri həm Moskva, həm də Kiyevin münaqişənin nizamlanmasında maraqlı olduğuna əminliyini ifadə edib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp iyulun 4-də Rusiya lideri ilə keçirdiyi telefon danışığını müsbət qiymətləndirib: "Putin müharibənin başa çatmasını istəyir. Bunu sizə tam əminliklə deyə bilərəm. Ukrayna tərəfi də bunun indi bitməsini arzulayır. Hazırda danışıqlar prosesi davam edir".
Tramp, həmçinin Ukrayna məsələsini qarşıdan gələn NATO sammitində müzakirə edəcəyini bildirib: "Biz NATO sammitinə gedəcəyik və bunu orada müzakirə edəcəyik. Düşünürəm ki, razılığa nail olacağıq".
Ağ Ev rəhbəri sülhə nail olunması perspektivlərinin bir çoxlarının düşündüyündən daha yüksək olduğunu vurğulayaraq, "Hesab edirəm ki, bu məsələnin nizamlanmasına insanların təsəvvür etdiyindən qat-qat yaxınıq", - deyə əlavə edib.








