UEFA bəyanat yayaraq FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib.
EDnews xəbər verir ki, qurum FIFA-nı ədalətsiz davranışda ittiham edib.
Bildirilib ki, ABŞ-nin futbolçusu Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra tətbiq edilməli olan avtomatik bir oyunluq cəzanın icrasının bir il sınaq müddəti ilə dayandırılması barədə dünən qəbul edilən qərar “qırmızı xətti” keçib:
“Digər idman növləri kimi, futbol ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara söykənir. Bəzən qaydalar müxtəlif cür şərh oluna bilər, lakin bu halda belə deyil. Qırmızı vərəqədən sonra minimum bir oyunluq avtomatik cəza diskresion seçim deyil və onun qüvvəyə minməsi üçün səlahiyyətli orqanın ayrıca qərarına ehtiyac yoxdur. Bu, reqlamentdə təsbit olunmuş prinsipdir və istisnalara məruz qala bilməz. Xüsusilə də turnirin ortasında, eyni vəziyyətlə üzləşən bir neçə futbolçunun cəzasını qaydalara uyğun şəkildə çəkdiyi bir vaxtda belə qərar qəbul edilməsi qəbuledilməzdir”.
Bəyanatda qeyd edilib ki, qaydaların dəqiqliyinə onların qoruyucuları tərəfindən zəmanət verilmədikdə, oyunun bütövlüyü sual altına düşür və yarışın nüfuzu zədələnir.
Qeyd edək ki, Folarin Baloqun Bosniya və Herseqovina yığmasına qarşı 1/16 final matçında kobud oyuna görə qırmızı vərəqə alıb.






