“Sülh” Avropa identikliyinin əsası, onun mədəni yaddaşının və siyasi kimliyinin dayağıdır. Lakin bu sülh çox zaman “əmin-amanlıq illuziyası” ilə qarışdırılır. XX əsrin iki dünya müharibəsinin dağıntıları üzərində qurulan Avropa İttifaqı – iqtisadi inteqrasiyanı geosiyasi sabitlik resepti kimi təqdim etdi. Amma 2022-ci ildə Rusiya qoşunları Kiyev istiqamətində irəliləyərkən, həmin "sülh postulatı" kağız üzərində qalaraq real geosiyasi həqiqətlərə təslim oldu.
Avropa yalnız dəyərlər ittifaqı deyil; o, təhlükəsizlik, enerji, ideologiya və liderlik böhranı yaşayan qitədir. Bu yazı “Avropa sülhü doğrudanmı parçalanır?” sualına təkcə cavab axtarmır – o, həm də bir sülh modelinin intihasını yox, bəlkə də transformasiyasını izləyir.
Ukrayna müharibəsi Avropanın strateji sadəlövhlüyünü üzə çıxardı. Onillərlə “mədəni diplomatiya”, “yumşaq güc” və “post-münaqişə dövrü” kimi terminlərlə bəslənmiş siyasi idrak, Kreml tanklarının səsinə toqquşdu.
Təhlükəsizlik illüziyası
Avropanın ən zəif damarı, NATO-nun kölgəsində rahat oturub hərbi xərclərdən yayınmaq idi. Məsələn, Almaniyanın 2021-ci il müdafiə büdcəsi yalnız 1.4% idi və bu rəqəm ABŞ və Britaniya ilə müqayisədə rəmzi xarakter daşıyırdı. Müharibə ilə birlikdə Berlin “Zeitenwende” (epoxal dönüş) elan etdi, lakin bu dönüş prosesindəki gecikmələr və tərəddüdlər Aİ-nin çevikliyini sorğuladı.
Dəyərlər, yoxsa maraqlar?
Avropa "dəyərlər" ittifaqı kimi təqdim olunur, lakin Ukrayna müharibəsində bu dəyərlər bir çox hallarda milli maraqlara tabe edildi. Rusiya qazından asılı olan ölkələr ilk mərhələdə ikili mövqe tutmağa çalışdı. İtaliya, Almaniya və Fransa zaman-zaman sanksiyalar və silah yardımları məsələsində ziddiyyətli siqnallar verdi. Bu isə Avropanın həmrəylik mifini kölgə altına saldı.
Liderlik böhranı
Aİ-nin ənənəvi liderləri – Fransa və Almaniya – artıq qitənin ruhunu daşıyan “motor” funksiyasını itirir. Scholz hökuməti enerjisiz və reaksion görünür, Macron isə daha çox Avropa teatrının filosof-kralı kimi danışır, amma hərəkətləri qərarsızdır. Nəticədə Şərqi Avropa liderliyi sözün əsl mənasında ələ alır.
Şərq Avropanın yeni siyasi dinamizmi
Polşa və Baltik ölkələri Ukrayna məsələsində daha qətiyyətli və realist xətt tutaraq, təhlükəsizliyin regional konfiqurasiyasını dəyişməkdədir. Artıq Avropa siyasi diskursunda yeni aktorlar – Estoniyanın baş naziri Kaya Kallas, Polşanın liderləri və hətta Çexiya – mühüm oyunçulara çevrilir. Bu isə Avropanın “köhnə–yeni Avropa” bölgüsünü daha da kəskinləşdirir.
Populizm və “avtokratik dissidentlər”
Macarıstanın baş naziri Viktor Orban, Avropa İttifaqı içində “beşinci kolon” kimi çıxış edir. O, Aİ-nin sanksiyalarını tormozlayır, Moskva ilə iqtisadi əməkdaşlığı davam etdirir və eyni zamanda, Brüsselin siyasi hegemonluğuna qarşı ideoloji meydan oxuyur. Orban faktoru Avropada yüksələn sağçı-populist qüvvələrin təzahürüdür. İtaliyada Meloni hökuməti, Fransada Le Pen-in yüksəlişi də bu tendensiyanın davamıdır.
Sülh anlayışının təkamülü – sadəcə müharibəsizlik yetərmi?
Avropa sülhü bəlkə də öz-özünə çökmür – o, köhnəlmiş anlayışlardan boğulur. Müasir Avropa artıq postkonflikt cəmiyyət deyil, daxili parçalanmalarla yaşayan, sosial narazılıq və ideoloji ekstremizmlə üzləşən mürəkkəb bir struktur halını alıb.
Miqrasiya və sivilizasiya gərginliyi
2015-ci ildən başlayan miqrasiya dalğası, Avropanın mədəni modelində ciddi çatlar yaratdı. Qitə artıq yalnız “multikulturalizm”lə problemini həll edə bilmir. Miqrasiya yalnız demoqrafik deyil, təhlükəsizlik, dini kimlik və sosial inteqrasiya problemləri yaradır.
Sosial narazılıq və sinfi parçalanma
Enerji böhranı, inflyasiya, işsizlik – bunlar yalnız iqtisadi yox, sosial sistemə zərbə vurur. Avropa şəhərləri – Paris, Brüssel, Berlin – getdikcə daha çox narazılıq etirazları ilə çalxalanır. Bu isə “sülh”ün yalnız xarici təhlükə deyil, daxili böhranlarla da dağıla biləcəyini göstərir.
Yeni geosiyasi düstur – Avropa yenidən xəritə çəkir
Avropa İttifaqı artıq öz sərhədləri daxilində sabitliyi təmin etməklə kifayətlənmir. Ukrayna müharibəsi göstərdi ki, təhlükəsizlik yalnız coğrafi məsələ deyil – o, geopolitik nüfuz zonasının idarəsidir.
NATO-nun qayıdışı və ABŞ-nin dominantlığı
NATO artıq qocalmış bir mexanizm yox, yenidən dirçələn hərbi-siyasi gücdür. ABŞ, xüsusən də Biden administrasiyası Avropa təhlükəsizliyinin mərkəzinə çevrilib. Bu, Aİ-nin strateji avtonomluq iddialarını zəiflədib. Bu gün Avropa üçün “sülh” Amerikadan asılı olan silah və enerji təchizatı deməkdir.
Yeni ittifaqlar: Baltik–Qara dəniz oxu
Baltik ölkələri, Polşa, Rumıniya və Ukraynanın birləşdiyi yeni təhlükəsizlik və enerji xəritəsi Avropanın gələcək strukturunu dəyişir. Bu regional ittifaqlar Brüsselin mərkəzsizləşməsini sürətləndirir.
Avropa – idealizmdən realizmə keçid mərhələsində
Avropa sülhü dağılmır. O, forma dəyişir. O, illüziyaların, yuxuların, pafosun əvəzinə daha sərt, daha soyuq, lakin real təməl üzərində yenidən qurulur.
Avropa sülhü artıq 1945-in sükutuna yox, 2022-nin artilleriyasına reaksiya verir. Bu, Avropanın parçalanması yox, onun tarixi transformasiyasıdır. Bəlkə də daha çox təhlükə və daha az pafosla müşayiət olunan bir mərhələdir, amma bu mərhələni kim idarə edəcək – bu sual hələ açıq qalır.
Şahlar Ruhi