Ukrayna pilotsuz uçuş aparatının Rusiyanın İjevsk şəhərindəki zavoda endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, daha 35 nəfər isə yaralanıb. Bu barədə Udmurtiya Respublikasının qubernatoru Aleksandr Brexalov çərşənbə axşamı özünün Telegram kanalında məlumat verib.
“EDnews” xəbər verir ki, Brexalov zərbənin hədəf aldığı konkret obyekti açıqlamayıb. Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin bir rəsmisi daha əvvəl Reuters agentliyinə bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin istifadəsində olan ən azı iki uzaqmənzilli dron “Kupol” zavodunu vurub. Həmin zavod pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri istehsal edir. Zərbə nəticəsində müəssisədə yanğın baş verib.
Ukraynalı rəsmilərin yaydığı videoda sənaye zonasında güclü qara tüstü göyə qalxır. Rəsmilərin sözlərinə görə, zavodun istehsalat gücü və anbarları zərər görüb.
Reuters bu məlumatları müstəqil şəkildə yoxlaya bilməyib.
Brexalov hadisə barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verdiyini bildirib.
“Kupol” elmi-tədqiqat müəssisəsidir və dövlətə məxsus müdafiə sənayesi konsorsiumu olan “Almaz-Antey”in tərkibinə daxildir. İjevsk şəhərində həmçinin dünyaca məşhur “Kalaşnikov” müdafiə sənayesi konserni də yerləşir.