Azərbaycan BMT-nin 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsində maliyyə boşluğunun aradan qaldırılmasına əhəmiyyət verməyə davam edir.
“EDnews” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, bu səylər çərçivəsində Azərbaycan beynəlxalq çərçivə mexanizmlərindən və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) investisiya xəritəsindən fəal şəkildə istifadə edir, həmçinin daxili resursları cəlb edir.
H.Hüseynov həmçinin vurğulayıb ki, DİM-in həyata keçirilməsi üzrə IV könüllü milli hesabatında Azərbaycan maliyyə kəsirinin azaldılması üçün görülən tədbirlər kompleksini, o cümlədən BMT-nin Sosial-İqtisadi məsələlər Departamenti ilə əməkdaşlığı təqdim edib. Bu tədbirlər müsbət qiymətləndirilib və digər üzv dövlətlərə tövsiyə edilib.
Ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrini xatırladan H.Hüseynov vurğulayıb ki, Azərbaycan bir sıra iqlim hədəflərinin müzakirəsi üçün platforma yaradıb.
"Həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək geniş müzakirə olunub. Bakı çağırışında əsas vəzifələrə nail olmaq üçün dövlət və özəl tərəfdaşlığın zəruriliyi vurğulanır. Biz 2035-ci ilə qədər iqlim hədəflərinə nail olmaq üçün ildə ən azı 300 milyard dollar səfərbər etməyə çağırırıq", - o bildirib.