Yaponiya 2026-cı ildən Minamitorisima adası sahillərində, okean dibindən nadir torpaq metallarının hasilatına başlayacaq.
“EDnews” xəbər verir ki, metal hasilatı 5 500 metr dərinlikdən həyata keçiriləcək və bu məqsədlə dərin dəniz qazma gəmisi istifadə olunacaq. İş prinsipi okean dibindən böyük miqdarda lilin toplanması və onun materikə gətirilərək emal olunmasına əsaslanır. Bu, belə böyük dərinlikdən ilk nadir torpaq metallarının hasilatı olacaq.
Layihəyə nəzarət edən Yaponiya Dəniz və Yer Elmləri və Texnologiyaları Agentliyinin (JAMSTEC) hesablamalarına əsasən, bir ton lilin tərkibində azı 2 kq nadir torpaq metallarının olduğu ehtimal edilir.
Yaponiya ərazilərinin dəniz dibi faydalı qazıntılarla zəngindir - təkcə Minamitorisima ətrafında 16 milyon ton ehtiyat aşkarlanıb. Bu, dünyada üçüncü ən böyük ehtiyat hesab olunur.
Yapon yataqları xüsusilə elektromobil istehsalında istifadə olunan disproziya, eləcə də nüvə energetikasında mühüm əhəmiyyətə malik olan qadolinium ilə zəngin olması ilə seçilir.
Yaponiya bu sahədə texnologiyaları fəal şəkildə inkişaf etdirərək, nadir torpaq metallarının idxalında Çindən asılılığı azaltmağa çalışır. Hazırda dünya üzrə bu metalların 70%-i Çində hasil olunur.