Xalq artisti Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin seçilməsi müzakirə mövzusuna çevrildi.
Ardınca, AKİ sədrliyinə İttifaqın İdarə Heyətinin üzvü Əli İsa Cabbarov və Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi irəli sürüldü.
Mayın 26-sı keçirilən konfransda isə səsvermə əsasında iştirakçıların əksəriyyəti iki namizəddən Əli İsa Cabbarovun sözügedən qurumun sədri seçilməsini dəstəklədilər. Lakin ittifaqın bir qrup üzvü toplantının nəticələrini tanımadığını bildirdi.
Məsələ ilə bağlı son vəziyyəti öyrənmək məqsədilə EDnews İttifaqın icraçı katibi Əli İsa Cabbarovla əlaqə saxlayıb.
Rejissor bildirib ki, hazırda çox mürəkkəb hüquqi vəziyyət yaranıb və müəyyən addımlar atılır:
"Nəticə əldə olduqdan sonra bu barədə mətbuata məlumat veriləcək. İndilik əlavə heç nə deyə bilməyəcəyəm".
Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat etdikdən sonra quruma rəhbərlik səlahiyyətləri Şəfiqə Məmmədova tərəfindən icra olunurdu. Hazırda sədr seçkisinin hüquqi taleyi ilə bağlı yekun qərarın aidiyyəti dövlət qurumları tərəfindən veriləcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Aytac Kərimova | EDnews







