Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Türkiyəyə satdığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin "son dərəcə həssas" olduğunu bildirib.
EDnews xəbər verir ki, Peskov “Hürriyet” qəzetində Türkiyənin bu sistemləri Fars körfəzi ölkələrindən birinə yenidən sata biləcəyi barədə yayılan məlumatı şərh edib.
Peskov deyib ki, bu məsələ ilə bağlı Rusiya və Türkiyə arasında təmaslar olub və dialoq davam etdiriləcək.
"Bu mövzu son dərəcə həssas sahəyə aiddir. Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə təmaslarımız olub və həmin təmasları davam etdirəcəyik", – deyə Kremlin sözçüsü bildirib.
Bu həftə NATO sammiti zamanı ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Türkiyəyə qarşı Rusiyanın S-400 sistemlərinin alınmasına görə tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini açıqlayıb.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 kompleksi alıb. ABŞ Ankara qarşısında bu sistemlərdən imtina edərək əvəzində “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq tələbi irəli sürsə də, Türkiyə bunu qəbul etməyib. Bundan sonra Vaşinqton Ankaranı F-35 qırıcılarının istehsalı və tədarükü proqramından çıxarıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, ölkə Suriya istiqamətindən mümkün hücum təhlükəsi səbəbindən S-400 sistemlərini alıb.
2024-cü ilin avqustunda “Cümhuriyet” qəzeti Ankaranın ABŞ-dan F-35 qırıcılarını almağı planlaşdırdığını və bunun müqabilində Rusiyadan alınmış S-400 sistemlərindən istifadə etməyəcəyinə dair öhdəlik götürə biləcəyini yazmışdı.
İyunun sonunda isə “Euractiv” nəşri Türkiyənin S-400 sistemlərini Rusiyaya qaytarmaq əvəzinə Cənubi Koreyaya sata biləcəyini iddia etmişdi.
"Hürriyet" qəzeti bu gün iddia edib ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Körfəz ölkəsinə satıb. Xəbərdə Birləşmiş Ərəb Əmirlikləri və Qətər potensial alıcılar kimi qeyd olunur, lakin bu məlumatın rəsmi təsdiqi hələlik yoxdur.







