Almaniyada polis Baden-Vürtemberq federal torpağının şəhərlərindən birində üç aylıq körpənin uşaq arabasından oğurlanması hadisəsini araşdırır. 37 yaşlı ana alış-veriş paketlərini mənzilə daşımaq üçün oğlunu səkidə qoyub, geri qayıtdıqda isə onu tapa bilməyib.
EDnews xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Uşağın itkin düşməsindən sonra dronlar və xidməti itlərin iştirakı ilə axtarış əməliyyatı başlayıb. Bir sutkadan da az vaxt sonra körpənin meyiti Rankbax çayında aşkarlanıb. Hüquq-mühafizə orqanları bunun itkin düşən uşaq ola biləcəyini istisna etmirlər, lakin rəsmi araşdırma hələ davam edir.
İstintaq hadisə ilə bağlı izlənmə versiyasını da araşdırır. İlkin ehtimala görə, ana və körpə mağazadan qayıdarkən onları izləyiblər. Yerli KİV-in məlumatına əsasən, ailə alış-veriş üçün saat 22:00-dan bir qədər əvvəl evdən çıxıb, artıq saat 23:30-da isə uşaq itkin kimi qeydə alınıb.
Polis bildirib ki, körpə qısa müddət ərzində nəzarətsiz qalıb və naməlum şəxs bundan istifadə edərək onu arabadan götürüb və hadisə yerindən uzaqlaşıb.








