İyunun 18-i saat 19:00 radələrində Astara rayonunun Siyaku kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
EDnews xəbər verir ki, istehsal ili 30 ildən çox olan avtomobilin ciddi deformasiyaya uğraması nəticəsində sürücüsü T.Eyvazov hadisə yerində həyatını itirib.
Qəzada xəsarət alan üç sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş verən hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib:
"Yay mövsümü ilə əlaqədar, xüsusilə dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!"-deyə müraciətdə qeyd olunub.







