Almaniya Bundesverin pilotsuz uçuş aparatlarından (PUA) müdafiəyə hazırlığını artırmaq üçün təxminən 16 milyard avro investisiya yatırmağı planlaşdırır.
EDnews DPA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Frislandiyada qoşunlara baxış zamanı bildirib.
"Biz PUA-larla bağlı fəaliyyət planını işə salırıq", - o bildirib və bunun artıq icrasına başlanılan bütöv bir tədbirlər kompleksini əhatə etdiyini dəqiqləşdirib.
"Bu isə o deməkdir ki, onilliyin sonuna qədər biz bu sahəyə təqribən 16 milyard avro investisiya yatırmağı planlaşdırırıq", - nazir vurğulayıb.
Onun sözlərinə görə, qurum kəşfiyyat və zərbə dronları, eləcə də PUA hücumlarını dəf edə bilən vasitələr satın alır. Pistorius qeyd edib ki, bu texnikanın qoşunlara tətbiqi zamanı çox strateji və məqsədyönlü hərəkət etmək planlaşdırılır. O qeyd edib ki, əsas məsələ məhz lazım olanı tez və səmərəli şəkildə almaq və dərhal bunu təlimlərdə sınaqdan keçirməkdir.
Daha əvvəl bildirilmişdi ki, Almaniya Uçuş Təhlükəsizliyi Xidməti (DFS) "Hensoldt" müdafiə konserni və "Deutsche Telekom" İKT şirkəti ilə birlikdə PUA-ların aşkarlanması və ələ keçirilməsi üzrə ümummilli şəbəkə yaratmağı planlaşdırır.






