Şahzadə Harri və Meqan Markl qənaət siyasətini davam etdirirlər. Sasseks hersoqu və hersoginyası Kaliforniyada fəaliyyət göstərən komandalarında daha bir neçə əməkdaşla yollarını ayırıblar.
“EDnews” xəbər verir ki, artıq ictimaiyyətlə əlaqələrə cavabdeh olan şəxsləri öz heyətlərində saxlamaq əvəzinə, cütlük bu sahədə xidmət göstərən kənar PR agentliyi ilə əməkdaşlıq edəcək. Səbəb - daimi ştatın saxlanılmasının həddindən artıq baha başa gəlməsidir.
Baxmayaraq ki, Meqan Marklın "As Ever" brendinin uğurlu startı və "Netflix"lə iri müqaviləsi mövcuddur, cütlük yenə də ciddi xərclərlə üzləşir. Məsələn, təkcə təhlükəsizlik tədbirlərinə illik təxminən 2 milyon dollar, Montesitodakı malikanənin vergilərinə isə təxminən 300 min dollar xərclənir.
Bir insayderin sözlərinə görə, Harri və Meqan maliyyə vəsaitlərini daha effektiv şəkildə bölüşdürmək istəyirlər.
"Ştatlı əməkdaş saxlamaq artıq bir lüksdür. Qısamüddətli müqavilələr bağlamaq daha sərfəlidir", - deyə mənbə vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, bu addımlar tam əsaslandırılıb. Çünki ABŞ-də yaşamaq kifayət qədər baha başa gəlir və maliyyə baxımından müstəqil olmaq, hətta keçmiş kral ailəsi üzvləri üçün belə, asan deyil.