Yayın istisində kondisionerlər evlərdə, ofislərdə və ictimai yerlərdə sərinlik bəxş edən əvəzolunmaz qurğulara çevrilir. Lakin arzulanan bu sərinliyin arxasında bir çoxu tərəfindən nəzərə alınmayan ciddi sağlamlıq riskləri gizlənə bilər.
“EDnews” xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Ulankina xəbərdarlıq edib.
O, kondisionerdən istifadənin az tanınan təhlükələri haqqında danışıb və sağlamlıq üçün zərərsiz istifadəyə dair tövsiyələrini bölüşüb.
"Müasir kondisionerlər otaq havasındakı rütubəti xeyli azaldır, bu isə gözdə qum hissi yaratmaqdan tutmuş dözülməz baş ağrılarına qədər bir sıra xoşagəlməz simptomlara səbəb ola bilər. Ən narahatedici hal isə odur ki, həddindən artıq quru hava tənəffüs yollarını qıcıqlandıraraq astma, bronxit, sinusit kimi xroniki xəstəliklərin gedişatını ağırlaşdırır, həmçinin orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır", - deyə Ulankina qeyd edib.
Həkim xüsusilə müntəzəm texniki baxışdan keçməyən kondisionerlərin təhlükəli olduğunu vurğulayıb:
"Təmizlənməyən sistemlərin filtrlərində və hava kanallarında aktiv şəkildə bakteriyalar və kif göbələkləri inkişaf edir. Bu mikroorqanizmlərin nəfəs yollarına düşməsi güclü allergik reaksiyalara, astmanın kəskinləşməsinə və digər tənəffüs problemlərinə səbəb ola bilər".
Ulankina sağlamlığa zərər vurmadan sərinlikdən həzz almaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir: "Havada rütubəti 40-60% səviyyəsində saxlamaq üçün hava nəmləndiricilərindən istifadə edin. Kondisionerli otaqları müntəzəm havalandırın, təmiz hava axını təmin edin. Kondisioner filtrlərini istehsalçının təlimatına uyğun olaraq vaxtında təmizləyin və dəyişin. Xarici bloklardan və ventilyasiya barmaqlıqlarından tozu vaxtaşırı təmizləyin. Otaq temperaturunu küçə temperaturundan 5-7°C-dən çox aşağı etməyin - kəskin fərqlər sağlamlığa zərər verə bilər".
Həkim xüsusilə soyuq hava axınının yönləndirilməsi məsələsinə diqqət çəkib.
"Heç vaxt soyuq hava birbaşa sizin və ya başqalarının üzərinə yönəlməməlidir. Uzun müddət belə hava axını altında qalmaq soyuqlama, əzələ və oynaq iltihablarına səbəb ola bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Əgər göz quruluğu, baş ağrısı, boğazda quruluq və qıcıqlanma narahatlıq əlamətləri ortaya çıxarsa həkim dərhal tədbir görməyi məsləhət edir.
"Hava nəmləndiricisini işə salın, kondisionerin temperaturunu artırın və ya hava axınının gücünü azaldın. Əgər bu tədbirlər nəticə vermirsə və ya mümkün deyilsə, otağı müvəqqəti tərk etmək daha yaxşıdır", - deyə o bildirib.