Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.
Məsələ ilə bağlı EDnews-a danışan vəkil Könül Qədimalıyeva qərarın hələ hüquqi baxımdan yekun olmadığını bildirib.
.jpeg)
Vəkil bildirib ki, İlduzə Haciyeva ictimaiyyət tərəfindən tanınan şəxs olduğuna görə bu iş cəmiyyətdə xüsusi maraq doğurur. Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsi kimi hər kəsin gündəlik həyatda üzləşə biləcəyi bir hadisə ilə bağlı cinayət işinin ictimai rezonans yaratması təbiidir.
Könül Qədimalıyeva qeyd edib ki, bəzi ölkələrdə, o cümlədən Qazaxıstanda ictimai maraq doğuran cinayət işləri üzrə məhkəmə prosesləri açıq videotranslyasiya olunur. Bu isə vətəndaşların prosesi birbaşa izləməsinə və məhkəmənin qəbul etdiyi qərarlara daha çox etibar etməsinə şərait yaradır.
Onun fikrincə, Azərbaycanda bu iş ətrafında yaranan narazılığın əsas səbəblərindən biri də məhkəmə prosesi barədə ictimaiyyətin tam məlumatlandırılmamasıdır.
“Hazırda cəmiyyət yalnız yekun hökmü bilir. Ekspertiza rəyləri və digər sübutlar barədə məlumatlar isə əsasən vəkillərin və proses iştirakçılarının açıqlamalarından əldə olunur”.
Vəkil vurğulayıb ki, iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının nəticələrinin Arzumun əleyhinə olduğu bildirilir və rəyə əsasən onun hadisənin qarşısını almaq imkanı olub.
Bununla belə, o hesab edir ki, hazırkı hökmü son qərar kimi qiymətləndirmək düzgün deyil.
“Bu iş hələ başa çatmayıb. Qarşıda apellyasiya mərhələsi var və işə daha geniş hakim tərkibi baxacaq”.
Könül Qədimalıyevanın sözlərinə görə, apellyasiya baxışı zamanı əlavə ekspertiza təyin oluna, iş yenidən araşdırıla və müdafiə tərəfi ilk instansiyada mövcud olmuş hüquqi boşluqları daha ətraflı əsaslandıra bilər.
O qeyd edib ki, cinayət işlərində hökm yalnız apellyasiya mərhələsindən sonra qanuni qüvvəyə minir.
“Bir vəkil kimi deyə bilmərəm ki, bu artıq son qərardır. Əgər bunu desək, insanların hüquqi mübarizə ruhu zəifləyər”.
Sonda vəkil vətəndaşları emosional yanaşmadan uzaq durmağa və məhkəmə prosesinin növbəti mərhələlərinin nəticəsini gözləməyə çağırıb.








