Ali məktəblərə qəbul və ixtisas seçimi dövründə gəncləri ən çox düşündürən məsələlərdən biri gələcəkdə iş imkanlarıdır.
Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri Əmrah Həsənli EDnews-a açıqlamasında ixtisas seçiminin əmək bazarının real tələbləri nəzərə alınaraq aparılmasının vacibliyini vurğulayıb.

Əmrah Həsənlinin sözlərinə görə, əmək bazarında iş tapmaq məsələsinə “bu ixtisası seçən mütləq işsiz qalacaq” kimi yanaşmaq düzgün deyil. O bildirib ki, əmək bazarı sürətlə dəyişir və bütün sahələr üzrə peşəkar, bacarıqlı, özünü daim inkişaf etdirən mütəxəssislərə ehtiyac var.
Ekspert qeyd edib ki, bəzi ixtisaslar üzrə məzun sayı əmək bazarının tələbatını üstələyir. Onun sözlərinə görə, xüsusilə idarəetmə, bəzi iqtisadiyyat istiqamətləri, hüquq, beynəlxalq münasibətlər və müəyyən humanitar ixtisaslar üzrə son illərdə minlərlə məzun əmək bazarına daxil olur. Lakin həmin sahələrdə vakant iş yerlərinin sayı məzunların sayına uyğun olmadığından, bu ixtisasları bitirənlərin bir qismi uzun müddət iş tapa bilmir və ya öz ixtisasından fərqli sahələrdə çalışmağa məcbur olur.
Əmrah Həsənli bildirib ki, hazırda əmək bazarında informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt, data analitikası, mühəndislik, aqrar sahə, peşə təhsili, tibb və bəzi pedaqoji ixtisaslar üzrə daha yüksək tələbat müşahidə edilir. Bu baxımdan, gənclər ixtisas seçərkən yalnız ali təhsil diplomu əldə etməyi deyil, gələcəkdə əmək bazarında formalaşacaq ehtiyacları da nəzərə almalıdırlar.
Onun fikrincə, iş tapmaqda ən çox çətinlik çəkən şəxslər ixtisası yalnız topladıqları bala uyğun seçən, tələbəlik illərində əlavə bacarıqlar qazanmayan, xarici dil bilməyən, rəqəmsal savadlılığını inkişaf etdirməyən və praktiki təcrübə əldə etməyən məzunlardır. Çünki müasir əmək bazarında artıq təkcə diplom deyil, bacarıq və kompetensiyalar əsas rol oynayır.
Ekspert sonda abituriyentlərə müraciət edərək bildirib ki, ixtisas seçərkən yalnız “Hansı ixtisas populyardır?” sualını deyil, “Beş il sonra bu sahədə hansı imkanlar olacaq və mən bu sahədə özümü inkişaf etdirə biləcəyəmmi?” sualını da özlərinə verməlidirlər. Onun sözlərinə görə, düzgün peşə yönümü və əmək bazarının tələblərinə uyğun seçim uğurlu karyeranın əsasını təşkil edir.








