İşğaldan azad olunmuş ərazilərə giriş icazələrinin 2 gündən 5 günədək uzadılması ilk baxışda sadə texniki dəyişiklik kimi görünə bilər, amma əslində bu qərar bölgəyə səfərlərin daha planlı, rahat və məqsədəuyğun şəkildə həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
“EDnews” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Oğuz Mirzəyev bildirib.
O deyib ki, əvvəllər 2 gün müddətinə səfər icazəsi almış şəxslər tez qayıtmaq məcburiyyəti ilə üzləşirdilər. İndi isə insanlar Qarabağa tələsik və ötəri deyil, daha geniş zaman aralığında səfər edib, bölgəni dolğun şəkildə ziyarət edərək, bir neçə gün qala bilərlər. Beləliklə, bu səfərlər onların ailəsi və yaxınları ilə birlikdə bir yaddaş, tanıma və paylaşma fürsətinə çevrilə bilər.
“Səfərləri asanlaşdırmaq məqsədilə tətbiq olunan digər vacib dəyişiklik isə hotel rezervasiyası ilə bağlıdır. Belə ki, əgər vətəndaş işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə əvvəlcədən yer ayırırsa, sistem onun giriş tarixlərini avtomatik tanıyır və əlavə müraciətə ehtiyac qalmır. Bu yanaşma bir çox ölkələrdə artıq illərdir tətbiq edilir. Belə ki, şəxs hər hansı şəhərdə hotel rezervasiya etdikdə, bu, onun səfər tarixini təsdiq edən texniki sübut rolunu oynayır və elektron qeydiyyat sistemləri bu məlumat əsasında vətəndaşın hərəkətini asanlaşdırır. Azərbaycanda bu sistemin tətbiqi həm turizm axınını daha çevik və səmərəli şəkildə yönəltmək, həm də texniki prosesi daha şəffaf və rahat etmək məqsədi daşıyır. Bu məsələdə vacib məqam ondan ibarətdir ki, yanaşma alternativ seçim kimi təqdim olunur. Hotel rezervasiyası etməyən şəxslər üçün əvvəlki qaydada, yəni www.yolumuzqarabaga.az portalı vasitəsilə elektron icazə almaq imkanı tam olaraq saxlanılır. Yəni sistem çevikdir, vətəndaşa seçim imkanı verir, eyni zamanda, girişin nəzarət altında və mərhələli şəkildə təşkili prinsipindən də geri çəkilmir”, - deyə Oğuz Mirzəyev vurğulayıb.
BAMF-in vitse-prezidenti qeyd edib ki, tətbiq olunan yeni yanaşmalar təkcə səfərləri asanlaşdırmaq məqsədi daşımır, eyni zamanda, Qarabağın iqtisadi imkanlarının inkişafına real təsir göstərir: “İcazə müddətinin uzadılması, orada fəaliyyət göstərən hotellərin, restoranların və digər xidmət obyektlərinin daha uzunmüddətli qonaqlara xidmət etməsinə şərait yaradır. İnsanların bölgədə daha çox vaxt keçirməsi, təbii olaraq, istehlak səviyyəsini artırır. Bu isə yerli resurslara tələbatı yüksəldir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti canlanır, yeni xidmət sahələri formalaşır və bölgədə məşğulluq imkanları genişlənir. Bu cür iqtisadi dinamika təkcə yerli əhali üçün deyil, bütövlükdə milli iqtisadiyyat üçün də real töhfə deməkdir”.
Oğuz Mirzəyev diqqətə çatdırıb ki, təhlükəsizlik bu prosesin əsasında duran əsas şərtdir. “Qarabağ hələ də yaxın keçmişdə ağır döyüşlər yaşamış və genişmiqyaslı dağıntılara məruz qalmış ərazidir. Mina təhlükəsi real olaraq qalır və bu baxımdan bölgəyə gedən hər kəsin təhlükəsizlik qaydaları barədə məlumatlı olması mütləqdir. Səfərə çıxan şəxs yalnız özü üçün deyil, onunla birlikdə yola düşən hər kəs üçün də məsuliyyət daşıyır. Bu məsuliyyətin icra olunması üçün hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, onunla birgə fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları, o cümlədən BAMF, Dövlət Məşğulluq Agentliyi və digər tərəfdaşlar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Hədəf təkcə bölgədə yaşayan əhali deyil, həm də oraya müvəqqəti səfər edənlərdir. Təlimlərə qatılmaq və sadə, lakin həyati vacib davranış qaydalarını mənimsəmək orada atılacaq hər bir addım üçün önəmlidir”.
BAMF-in vitse-prezidentinin sözlərinə görə, son zamanlar ictimai müzakirələrdə portalın ləğvi və sərbəst girişlə bağlı müxtəlif fikirlər səslənir. Amma bu məsələdə əsas meyar təhlükəsizlikdir: “Portalın mövcudluğu və icazə əsasında girişin həyata keçirilməsi heç bir halda vətəndaşlara məhdudiyyət yaratmaq məqsədi daşımır. Əksinə, bu, onların səfərinin təhlükəsiz və sistemli şəkildə təşkil olunması üçün mövcud reallıqları nəzərə alaraq tətbiq edilmiş nəzarət mexanizmidir. Unutmaq olmaz ki, söhbət hələ də ciddi mühəndis maneələri, döyüş izləri və partlayıcı təhlükəsi daşıyan bir ərazidən gedir. Belə bir şəraitdə girişlərin qeydiyyatsız və nəzarətsiz şəkildə aparılması ciddi risk yarada bilər”.
Oğuz Mirzəyev vurğulayıb ki, bütün bu dəyişikliklər Azərbaycanın azad olunmuş ərazilərə dönüş siyasətinə necə yanaşdığını açıq şəkildə göstərir. “Bu yanaşma emosional deyil, ardıcıl, düşünülmüş və məsuliyyətlidir. İndi artıq bu siyasətin nəticələri nəzəriyyədə yox, real həyatda görünür. Bölgəyə artan səfərlər, fəaliyyət göstərən hotellər, açılan yeni xidmət növləri, iqtisadi aktivliyin sürətlənməsi - bütün bunlar təkcə planların deyil, onların həyata keçməsinin göstəricisidir. Prezident İlham Əliyevin “Biz Qarabağı dirçəldəcəyik, həyat oraya qayıdacaq, insanlar qayıdacaq və biz bu torpaqlarda əbədi yaşayacağıq” fikri bu prosesin təkcə siyasi niyyət kimi deyil, gerçək hədəfə çevirmiş yanaşmanın simvoludur”, - deyə o qeyd edib.