ABŞ-nin federal qurumları Harvard Universitetində ayrı-seçkiliyə qarşı qanunvericiliyin pozulub-pozulmadığını araşdırmaq üçün yoxlamalara başlayıb. Əgər qanun pozuntuları təsdiqlənsə, ölkənin ən qədim ali təhsil müəssisəsi akkreditasiyasını itirə bilər.
“EDnews” xəbər verir ki, təhsil naziri Linda Makmen hökumətin universitetə qarşı iddialarını təsdiqləyərək bildirib ki, ali məktəb tələbələri düşmənçilik təzahürlərindən qorumaqda yetərli tədbir görməyib.
Eyni zamanda, Daxili Təhlükəsizlik Nazirliyi də universitetin xarici tələbələr üçün proqramları ilə bağlı əlavə məlumat tələb edib.
Əgər ittihamlar sübuta yetirilərsə, Harvard Universiteti təkcə akkreditasiyasını yox, həm də federal maliyyələşməni itirə bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının nümayəndələri dəfələrlə Harvard və digər nüfuzlu ABŞ universitetləri ilə bağlı açıqlamalar veriblər. Səlahiyyətlilərin fikrincə, universitet İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinpərəst fəallar tərəfindən təhdid edilən yəhudiəsilli tələbələrin təhlükəsizliyini təmin edə bilmir.