ABŞ Prezidenti Donald Tramp nəqliyyat naziri Şon Daffini NASA-nın müvəqqəti rəhbəri təyin edib.
“EDnews” xəbər verir ki, o, bu barədə özünün "Truth Social" şəbəkəsində yazıb.
"Şon hava hərəkətinə nəzarətə dair müasir sistemlərin yaradılması da daxil olmaqla yollarımızı və körpülərimizi bərpa edərək, onları səmərəli və gözəl hala gətirməklə yanaşı, ölkəmizin nəqliyyat məsələləri ilə məşğul olaraq, çox böyük iş görür. O, qısa müddətə də olsa, getdikcə daha çox əhəmiyyət kəsb edən Kosmik Agentliyin fantastik bir lideri olacaq", - deyə Tramp yazıb.
2024-cü ilin dekabrında Tramp milyarder astronavt Cared Ayzekmanı NASA-nın rəhbəri vəzifəsinə namizəd kimi irəli sürmüşdü. İlon Maskın müttəfiqi hesab edilən Ayzekmanın namizədliyinin milyarderin Trampa təsiri ilə bağlı qəbul olunduğu deyilirdi.
Aprel ayında Ayzekmanın namizədliyi təsdiqlənsə də, iyunun əvvəlində geri götürülüb. Tramp bu qərarı Maskla münaqişənin kəskinləşməsi fonunda verib. Ayzekman özü də iddia edib ki, namizədliyinin geri götürülməsinə səbəb Trampla Mask arasında münasibətlərin korlanmasından sonra müşavirlərin təzyiqi olub.