Bakı bu dəfə elmi, ədəbi və mənəvi baxımdan yaddaş dolu bir görüşə şahidlik etdi. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisində Azərbaycanla Özbəkistan arasında çoxəsrlik dostluğun, ortaq maarifçilik və siyasi irsin izini süren, təkcə arxiv deyil, qəlblərdə də qovuşan bir ekspedisiya heyəti qarşılandı.
Ənənəvi protokol dilindən uzaq, ədəbi mühitin səmimi nəfəsi ilə baş tutan bu görüşdə Azərbaycanın tanınmış söz adamları – xalq şairi Ramiz Rövşən, “525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid, tanınmış publisist və ESSA-nın sədri Akif Azalp də iştirak edirdi. BAMF prezidenti Umud Mirzəyev öz nitqində bildirdi ki, bu cür təşəbbüslər “sözlə, sənətlə və elmlə” qurulan körpülərin rəsmi diplomatiyadan heç də az əhəmiyyət daşımadığını sübut edir.
Ədəbi-tarixi ekspedisiyanın tərkibi həm elmi, həm yaradıcı zənginliyi ilə seçilirdi. İştirakçılar arasında məşhur tarixçilərdən tutmuş gənc şair və sənət adamlarına qədər bir sıra tanınmış simalar vardı:
- Bahrom İrzayev – repressiya qurbanlarının həyatını öyrənən və ölümsüzləşdirən tarixçi və muzeyşünas.
- Javlon Jovliyev – “Qorxma” romanı ilə ədəbi sükutu pozan, türk dünyasının gənc yazıçısı.
- Rəhmat Bobocan – şair, tərcüməçi, Orxan Pamukun və Ənərin əsərlərini özbək dilinə, həmçinin Azərbaycan ədəbiyyatını türkcəyə çevirən körpü.
- Məsud Xolov – tarixi portretləri ilə tanınan rəssam, sənətində millətin üzünü çəkən fırça ustası.
- Muxtor Asrorov – milli rəqs və teatr sənətinin gənc istedadı.
- Nazimjon Talipov – öz linzası ilə mədəniyyətimizi danışdıran baş operator.
- Fərrux Cəbbərov, Safarali Qurbonov, Abdussattor Cumanazar – özbək mətbuatının, ədəbiyyatşünaslığının və şərqşünaslığının tanınmış nümayəndələri.
BAMF prezidenti qonaqlara fondun Ermənistan-Azərbaycan müharibəsindən sonra apardığı postkonflikt bərpa, humanitar diplomatiya və ictimai yaddaş siyasəti haqqında ətraflı məlumat verdi. Qonaqlar isə öz növbəsində, 1910–1930-cu illərdə Bakı universitetlərində təhsil almış özbək ziyalılarının izlərini tapmaq, “Kömak” cəmiyyətinin fəaliyyətini öyrənmək, Bakıda təhsil almış rəssam və aktyorların arxivlərini axtarmaq istədiklərini bildirdilər.
Söz Ramiz Rövşənə çatanda şair əvvəlcə görüşü təşkil edən BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkür etdi:
“Umud müəllim təkcə təşkilatçı deyil – o, düşünən, dəyər verən və yaşadan insandır. Onun işi təkcə tədbir keçirmək yox, ruhu bir araya gətirməkdir.”
Daha sonra isə xalq şairi özbək dilinə tərcümə olunmuş əsərlərinin qardaş ölkədə necə qarşılandığını xatırladı və əlavə etdi: “Bizi birləşdirən yalnız tarix deyil, eyni zamanda eyni ağrılar, eyni mübarizələr və eyni qürurdur.”
Rəşad Məcid isə vurğuladı:
“Belə ziyalıları bir araya toplamaq, ədəbiyyatı, tarixi və dostluğu eyni masa ətrafında birləşdirmək böyük mənəvi güc tələb edir. Umud müəllimə təşəkkür edirəm ki, bu missiyanı uğurla daşıyır.
Bu görüş sıradan bir qəbul deyil – bu, ortaq hafizəmizin yenidən dirçəldiyi anlardan biridir. Bizim Bakımız zamanında yüzlərlə özbək gəncini maarifləndirdi, indi bu tarixi yaşatmaq bizim borcumuzdur.”
Söz filologiya elmləri doktoru, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı Almaz Ülviyə verildi. Almaz xanım çıxışını BAMF və onun prezidenti Umud Mirzəyevlə olan xatirələrinə həsr etdi:
-80-ci illərin sonlarında "Ədəbiyyat qəzetində" çalışırdım. Bir gün dedilər ki, publisistika şöbəsinə gənc bir oğlan gəlir. Saçları ağarmış bir gənc gəldi. Tez bir zamanda Umud müəllim kollektivlə isinişdi, doğmalaşdı. Bilirsiniz ki, ədəbi ortamlar səmimiyyəti sevir. O da bizim ortama uyğun səmimi və doğma insan təsiri bağışlayırdı. Vaxt keçdikcə onun ədəbi publisistikası ilə də yaxından tanış oldum. Umud müəllim qısa zamanda istedadı, qabiliyyəti və yüksək mədəniyyəti ilə hamının hörmətini, sevgisini qazandı.Elə qəzetdə işlədiyi vaxt Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaratdığının müjdəsini verdi. İlk dəfə fondunun bayrağını rəngli saplarla da mən toxumuşam. İlk mətbuat konfransı keçiriləndə həmin bayraq yuxarı başda qoyulmuşdu. 1992-ci ilin dekabrnda Prezident Aparatının Mətbuat xidmətinin rəhbəri Arif Əliyev zəng elədi ki, xarici jurnalistlərlə Qarabağa gedərsənmi? O dövrdə nəinki jurnalistlərlə, hətta əsgər kimi də Qarabağa getməyə hazır idim. Razılıq verdim, 10-12 nəfərlik bir qrup şəklində yola düşdük.. Sonradan başa düşdüm ki, bu səfəri məhz Umud müəllim təşkil edib. Gecə saat 1-də Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinə çatdıq. Gecəni Umud müəllimgilin ata evində qalası olduq. Evlərdə işıqlar söndürülmüşdü, çünki hər dəqiqə ermənilər, atəş aça, hücum edə bilərdilər. Umud müəllim atası bizi görüb çox sevindi. Heç yadımdan çıxmaz, hündür kişi idi, tez gedib iribuynuzlu bir qoçu gətirib qonaqların ayağının altında kəsdi. Xanım ana da çörək bişirmək üçün çır-çırpı yığmağa başladı. Baxdım ki, bir təknə çörək var. Dedim, o qədər çörək var, təzədən bişirməyə nə ehtiyac var? Xanım ana qayıtdı ki, ayıb deyilmi, qonağın qarşısına köhnə çörəkqoyarlar?! Nə isə, gecəynən təndir qalandı, xəmir yoğruldu, qonşuluqda yaşayan qızını da ( red: ya bacısı anlaşılmır) çağırdı, səhərəcən, qoç soyuldu, qazanlar asıldı, çörək bişirildi. Qonaq-qaraya süfrə açıldı, yemək yeyildi. İpək yorğan-döşəklər açıldı, qonaqlar üçün yer hazlrlandı. Qonaqlar bilməsə də, biz ipək yorğanların qədir-qiymətini yaxşı bilirdik. Dediyim odur ki, Umud müəllimin valideynləri ən dar məqamda belə öz qonaqpərvərliklərini unutmadılar.
Səhər Dilağarda kəndindəki strateji yüksəkliklərə qalxdıq. Postda xidmət edən əsgərlərin vəziyyəti yaxşı deyildi, ərzaq çatışmırdı. Silah-sursat sarıdan da sıxıntıları var idi. Hətta əsgərlərdən biri dedi ki, topumuz var, mərmimiz yoxdu, ermənilər topun lüləyini görüb çəkinir, hücuma keçmirlər. Umud müəllim rayon rəhbərliyi ilə görüşüb lazımi şeylərlə əsgərləri təmin elədi.
Sonra Dördlər kəndi deyilən balaca bir kəndə getdik. Dedilər, nahaq bura gəlmisiniz, bu kəndi ermənilər mühasirəyə alıblar. 15-20 əsgər var idi, bir də üç-dörd qadın. Qadınlar kənddə olan inəkləri sağıb birtəhər əsgərləri yeməklə təmin edirdilər. Xülasə, vəziyyətin ağırlığını nəzərə alaraq, əsgərlər maşınımızı ağac budaqları ilə örtüb gizli yolla bizi ordan çıxardılar. Bizim rayon mərkəzinə enəndə eşitdik ki, ermənilər Dördlər kəndində hücum edib, həmin əsgərləri qətlə yetiriblər. Yəni belə bir çətin şəraitdə səfərimiz keçdi. Ağrılı məqamlarla yaddaşımıza həkk olundu. Bakıda Umud müəllimin təşkilatçılığı və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirildi, rəsmi səviyyədə bəyanat imzalandı.
Yəni, Umud müəllimlə təkcə iş yoldaşı yox, belə demək mümkünsə, həm də cəbhə yoldaşı olmuşam. Hər yerdə onun mərdliyinin, vətənpərvərliyini, insanpərvərliyini görmüşəm. O, doğurdan da, vətənə layiqli bir övlad, şəxsiyyət, ziyalıdı. Yəni bizim ordan çıxmagımız da qismət idi.
"Ədəbiyyat qəzeti"ndə işləyəndə iki qızı var idi. Bir gün sevincək gəldi ki, oğlum olub, adını Oğuz qoyuram. Sevincli günlərimiz də olub, müharibə illərinə təsadüf edən kədərli günlərimiz də.
Görüşün sonunda ekspedisiya üzvləri BAMF-ın dəstəyi ilə Azərbaycan Milli Arxivi, Bakı Dövlət Universiteti, Teatr Muzeyi və digər elmi-mədəni qurumlarla əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Tərəflər gələcəkdə bu araşdırmaların nəticəsində sənədli film, sərgi və konfransların təşkilinə dair ilkin razılıq əldə etdilər.
Şahlar Ruhi və Gülşən Behbud